TQDK rayon (şəhər) təhsil şöbələri rəhbərlərinə, məktəb direktorları və valideynlərə müraciət edib. Qurumun mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, ümumtəhsil müəssisələri rəhbərlərindən xahiş olunur ki, indiyədək şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə ala bilməyən, yaxud şəxsiyyəti təsdiqləyən sənədi şəkilsiz olan cari il məzunları haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil olunmasını (əgər daxil edilməyibsə) və vahid formalı arayışın bu məzunlara verilməsini təmin etsinlər. Əks halda həmin şagirdlər buraxılış imtahanına buraxılmayacaqlar.
Sistemdən istifadə TQDK tərəfindən təyin olunan rayon (şəhər) təhsil şöbələri və təhsil müəssisələrinin məsul işçiləri (istifadəçilər) və buraxılış siniflərinin şagirdləri üçün nəzərdə tutulub.
Buraxılış sinif şagirdləri bu səhifədə yalnız öz məlumatlarına baxa bilərlər. Şagirdlər sistemə daxil olmaq üçün iş nömrəsini, TİMS kodunu və ya şəxsiyyəti təsdiq edən sənədin nömrəsini müvafiq sahəyə daxil edib "Daxil ol" düyməsini basmalıdırlar.
Qeyd edək ki, daha ətraflı məlumat TQDK-nın rəsmi saytında yerləşdirilib.