Kənd məktəblərinə işə qəbul üçün nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və yaşı 35-dək olan gənc mütəxəssislərə şamil olunacaq. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerləri müəyyənləşdirərkən
həmin vakant yerə ixtisaslı müəllim kadrlarına ciddi ehtiyac olması, tələbatın əvvəlki illərdən yaranması və təmin olunmaması, vakant dərs yükünün əvəzçilik və saathesabı qaydada aparılmasının qeyri-mümkünlüyü kimi tələblər gözlənilməli və rayon mərkəzindən olan məsafə dəqiq göstərilməli əsas şərtlərdən hesab olunur.
Dərs bölgüsü hər il sentyabrın 20-dək əmrlə rəsmiləşdirilir.
Tarifləşmə cədvəli tabelik üzrə idarəetmə orqanlarının təsdiqinə təqdim olunanadək rayon mərkəzindən 20 km-dək məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 (iki) misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 (qırx) manat məbləğində kompensasiya verilməsi tədbirləri tətbiq olunacaq.
Rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə yuxarıda göstərilən həvəsləndirmə tədbirləri ilə yanaşı, hər ay əmək haqqına 70 (yetmiş) manat əlavə olunacaq.
Təhsil Nazirliyindən verilən məlumatda qeyd olunur ki, həvəsləndirmə tədbirləri tətbiq olunan kənd məktəblərində işləyən gənc mütəxəssislər nəzərdə tutulmuş müddət başa çatanadək iş yerini dəyişmək üçün müraciət edə bilməzlər. Xüsusi hallarda (səhhəti, ailə vəziyyəti və s.) məsələyə fərdi qaydada Təhsil Nazirliyi tərəfindən baxılacaq.