Təhsil Nazirliyi bu ildən ilk dəfə olaraq Bakı şəhərində fəaliyyət göstərən müəllimlər arasında keçirilən Sınaq qiymətləndirmənin nəticələrini açıqlayıb.
APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında deyib ki, sınaq qiymətləndirmədə 357 məktəbdən 28825 müəllim iştirak edib. Onun sözlərinə görə, bu da bütövlükdə Bakı şəhər müəllimlərinin 96%-ni təşkil edir: “Sınaq Qiymətləndirmənin nəticələri ilə bağlı təhlillər aparılıb və yekun rəy qənaətbəxş hesab olunub. Sınaq qiymətləndirmədə iştirak edən müəllimlərin 14,04% zəif, 85,06% qənaətbəxş nəticə göstərib. İmtahan verən müəllimlərin 18,02%-nin nəticəsi daha yüksək olub. Coğrafiya və riyaziyyat müəllimləri nisbətən yüksək, Azərbaycan dili və ədəbiyyat, kimya müəllimləri nisbətən zəif nəticə göstərib. Bütövlükdə zəif nəticə göstərən müəllimlərin gələcəkdə təşkil olunacaq ixtisasartırma kurslarında, pilot və digər inkişaf yönümlü layihələrdə öz nəticələrini dəyişmək üçün şansları olacaq”.