Hadı Rəcəbli: "Yeni ailə quranlara güzəştli ipotekalar, səyahət kreditləri verilməlidir"
29 iyun 2014 12:55 (UTC +04:00)

Hadı Rəcəbli: "Yeni ailə quranlara güzəştli ipotekalar, səyahət kreditləri verilməlidir"

"Statistika göstərir ki, Azərbaycanda nikaha girən cütlüklərin 11 faizi  boşanır. Təxminən il ərzində 88 min nikaha girilirsə, onlardan 9 mini boşanır. Bu isə o deməkdir ki, ölkədə boşanmaların sayı son 7-8 ildə iki dəfə artıb". Bunu APA TV-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. Onun sözlərinə görə, bu 9 milyonluq Azərbaycan üçün böyük rəqəmdir. Boşanmaların qarşısını almaq üçün isə millət vəkili yeni qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu deyir.

 

"Biz istəyirik ki, nikaha girənlərin ikisindən birinə iş yeri kvotası verək. Ona ən azı beş iş yeri təklif edək ki, həmin şəxs özünə uyğun olan bir işi seçsin. Bu yeni evlənənlərin iş probleminin həlli deməkdir. Amma bu zaman bir sıra nüanslar nəzərə alınır. Dövlət qulluğuna ayrılmış yerlər həmin iş təkliflərinin içərisində göstərilmir. Çünki qanuna görə, dövlət qulluğuna sənəd verib imtahandan keçən şəxslər işlə təmin edilir".

 

Hadı Rəcəbli deyir ki, yeni qanun layihəsində nəzərdə tutulan digər bir bənddə nikaha girənlərə bir sıra güzəştli ipotekaların verilməsidir. Bura mənzil ipotekaları, nikahdan sonra 10 günlük kreditli səyahətlər və s. daxildir.


"Bu gün boşanmaların 70 faizi də emosiyalar, ailələrdə qadınların həddindən artıq sərbəst yaşamaq istəyi, nikaha girən cütlüklərin biri-birinə aşırı dərəcədə qısqanclıq hissləri ailələrin dağılmasına gətirib çıxarır. Bu zaman artıq əvvəllər olduğu kimi ağsaqqal və ağbirçək məsləhətlərinə də məhəl qoyulmur. "

 

Bütün bunların qarşısını almaq üçün isə nikaha girməyə hazırlaşan cütlüklər üçün bir aylıq pulsuz kursların təşkil olunması nəzərdə tutulur. Bu kurslarda ilk növbədə ailənin möhkəmlənməsi üçün sosial psixoloji məqamların tənzimlənmə yollarını öyrətmək vacibdir.

   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 865

Oxşar yazılar