Bu gün Gürcüstan paytaxtındakı “Praym-Tayms” Mətbuat Mərkəzində Gürcüstan Müsəlmanları Ali Dini Şurasının (GMADŞ) iştirakı ilə mətbuat konfransı keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan Müsəlmanları Ali Dini Şurasının sədri Hacı Əziz Nəbiyev, şura tərəfindən şeyx vəzifəsinə seçilən və xalq tərəfindən dəstəklənən Mirhüseyn Əsədov və şura üzvləri çıxış edərək gürcü jurnalistlərinin suallarını cavablandırıblar.
GMADŞ-nin sədri Hacı Əziz Nəbiyev onun rəhbərliyi ilə yaradılan təşkilat haqqında jurnalistlərə ətraflı məlumat verərək bildirib ki, şura 15 nəfər ruhanidən ibarətdir və qərarlar birlikdə qəbul edilir: “Bizim şura bütün bölgələri əhatə edir. Marneuli, Tiflis, Qardabani, Bolnisi, Dmanisi, Şida Kartli bölgəsi də daxil olmaqla digər rayonlardan şuraya üzvlər qəbul etmişik. Gürcüstan Müsəlmanları İdarəsini isə 10 nəfər məmur yaradıb. Onların mənəvi haqqı yoxdur ki, şeyx təyin etsinlər. Bizim yaratdığımız şura xalqın səsini eşidir və onun istəyi ilə GMİ-yə yeni şeyx seçib. Bu şəxs xalq arasında sevilən Seyid Mirhüseyn Əsədovdur. O, məscidlərimizin qeydiyyatı, müsəlmanları narahat edən məsələlərlə ciddi məşğul olacaq. Ən başlıcası isə xalqla sıx əlaqə yaradacaq. Keçmiş şeyx bu əlaqələri qurmağı bacarmadı. Buna görə də biz xalqın etirazını nəzərə alaraq istəyirik ki, bizim seçimimiz öz həllini tapsın.”
Hacı Əziz Nəbiyev Gürcüstanın tolerant bir ölkə olduğunu və VII əsrdən başlayaraq burada islami qayda-qanunların inkişaf etdiyini, çoxsaylı məscidlər tikildiyini bildirib: “Gürcüstanda demək olar ki, bütün dinlər bərabər inkişaf edir. Yalnız Tiflisin görkəminə baxsaq, bunun əyani təsdiqini görərik. Hər yerdə məscid, sinaqoq, kilsələr mövcuddur. Biz yeni-yeni tədbirlər, elmi-dini konfranslar keçirəcək və bu tədbirlərə müxtəlif dinlərin nümayəndələrini də dəvət edəcəyik”.
GMADŞ rəhbəri vaxtilə Qurucu Davidin, Çar Dmitrinin, Çar Rostomun məscidlərə gəlib İslam dininə məhəbbətlərini izhar etdiklərini deyib: “Bu gün biz istəyirik ki, yeni hakimiyyət də biz müsəlmanların istək və tələblərini yerinə yetirsin”.
Yeni seçilən şeyx Mirhüseyn Əsədov jurnalistlərə açıqlamasında “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvili ilə hələ o, seçkilərdə qələbə əldə etməzdən öncə görüşdüyünü bildirib: “Mən ona GMİ-nin məmurlar tərəfindən yaradıldığını və Vaqif Əkbərovun şeyx təyin edildiyini söylədim. O, bir qrup müsəlmanlara söz verdi ki, əgər bizim partiya qələbə əldə edərsə, söz verirəm ki, dini məsələlərin həllini siz ruhanilərin öhdəsinə buraxacağam. Qoy dini məsələ siz ruhanilərin ürəyincə olsun.”
Tədbirdə jurnalistlərin sualını cavablandıran şeyx Mirhüseyn Əsədov Vaqif Əkbərovun Tiflis “Cümə” məscidindən çıxmağını qeyd edib: “Onun məsciddən getməsi vacibdir. Onu keçmiş məmurlar təyin ediblər. İndi onlar həbsxanada yatırlar”.
Mətbuat konfransdan sonra toplaşan müsəlmanlar qərara alıblar ki, yanvarın 20-də Tiflisin “Cümə” məscidi qarşısında bölgələrdən gələn müsəlmanların iştirakı ilə böyük bir mitinq keçirilsin.