“Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyəcək. Biz həmişə BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləmişik. Bu, bizim rəsmi mövqeyimizdir”.
Gürcüstanın Azərbaycandakı səfirliyindən bu ölkənin xarici işlər naziri Maya Pancikidzenin Litvaya səfəri zamanı verdiyi bəyanatı APA-ya belə şərh ediblər.
Qeyd edək ki, Gürcüstan və Ermənistan mətbuatının yazdığına görə, Maya Pancikidzenin Litvada “Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir” şəklində bəyanatı erməni cəmiyyətində narazılıqlara səbəb olub və bu narazılıq baş nazir Bidzina İvanişvilinin İrəvana səfərinin təxirə salınması ilə nəticələnə bilər.
Gürcüstanın xarici işlər naziri Maya Pancikidzenin Avropa turnesi başa çatdıqdan sonra bu məsələ ilə bağlı rəsmi bəyanatla çıxış edəcəyi gözlənilir.