Günəşdən təhlükə gəlir: “Sabah və birigün...” - XƏBƏRDARLIQ
19 iyul 2013 15:32 (UTC +04:00)

Günəşdən təhlükə gəlir: “Sabah və birigün...” - XƏBƏRDARLIQ

“Son günlər Günəşdə fəallıq yenidən artıb. Hazırda Günəşin səthində 112 Günəş ləkəsi müşahidə olunur. Bunlar 7 aktiv ləkə regionunda cəmləşib. Onların sırasında 1793 nömrəli aktiv ləkə regionu xüsusilə seçilir”. Bunu Lent.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib. Onun sözlərinə görə, bu region həm böyük xətti ölçülərə malikdir, həm də ləkələrin maqnit sahəsi mürəkkəb quruluşdadır: “Bu regionu fərqləndirən üçüncü xüsusiyyət isə onun geoeffektiv vəziyyətə, yəni Günəş diskinin mərkəzinə yaxınlaşmasıdır. Adətən bu vəziyyətdə yerləşən ləkələrin yaxınlığında baş verən Günəş alışmalarının Yerə və digər planetlərə doğru təsiri daha güclü olur”.

 

E. Babayev deyib ki, vəziyyəti daha da qəlizləşdirən ikinci səbəb isə Günəşin səthində növbəti tac dəliyinin yaranmasıdır. Bu tac dəliyi Günəş diskinin şimal yarımkürəsində yaranıb: “Son günlər Günəşdə olan alışmalardan sonra atılmış plazma tac kütləsinin iyulun 20-də Yerətrafı fəzaya çatması gözlənilir. Həm də sözügedən tac dəliyindən yüksək sürətli Günəş plazma küləyi də təqribən həmin ərəfədə Yerətrafına çatdığına görə, birdən-birə Yer kürəsinin şimal qütbünə yaxın hissələrində geomaqnit fırtınasının baş vermə ehtimalı 65 faizə çatıb. Bu, böyük rəqəmdir. Zəif geomaqnit fırtınaları bizim en dairələrində də gözlənilir. Hazırda planetlərarası maqnit sahəsinin istiqaməti də cənubu göstərir. Bunun özü də geomaqnit fırtınalarının yaranmasına səbəb olan faktorlardan biridir. Bu faktorlar hamısı kosmik havanın vəziyyətinin mürəkkəbləşməsinə gətirib çıxarıb”.

 

E. Babayevin sözlərinə görə, kosmik hava ilə yanaşı, son günlər meteoroloji şərait də öz şıltaqlıqlarını göstərir. Bu səbəbdən adətən alimlər və həkimlər risk qrupuna daxil olan insanlara müəyyən qarşılayacı tədbirlər görməyi məsləhət görürlər. Risk qrupuna yaşlılar, xroniki xəstələr və müəyyən hallarda uşaqlar daxildir: “Bir daha qeyd edirəm ki, tamamilə sağlam insanlar üçün bu şəraitin heç bir problemi yoxdur. Əksinə, sağlam insanlarda bu cür faktorlar gümrahlığı daha da artırır. Sabah və birisigün kosmik hava qənaətbəxş olmayacaq. Bunu nəzərə alaraq aktiv istirahət etmək lazımdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5359
avatar

Oxşar yazılar