Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov ənənəsinə sadiq qalaraq bu ilki Ramazan ayında da Göyçay və Şamaxının müxtəlif yaşayış məntəqələrində iftar məclisləri təşkil edir. Lent.az-ın məlumatına görə, deputat Elxan Süleymanovun təşəbbüsü ilə növbəti xeyriyyə tədbirləri Göyçay şəhərindəki Əbülfəz Məsçidində və Qaraman kəndindəki Hacı Rəhim Əfəndi Məscidində keçirilib. İftar məclislərində 350 nəfər oruc tutan şəxs iştirak edib. Dindarlarla yanaşı, imkansız şəxslərin, qocaların, şəhid ailələri üzvlərinin, veteranların, məcburi köçkünlərin, kimsəsizlərin də iştirak etdiyi iftar mərasimlərində süfrələrə Azərbaycanın ləziz milli yeməkləri və şirniyyatlar düzülüb.
İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb, şəhidlərimizin ruhuna dualar oxunub. Mərasimlərdə qeyd edilib ki, xeyriyyəçi Elxan Süleymanov dövrünün tanınmış din xadimi olan babası Hacı Rəhim Əfəndinin 1898-ci ildə Qaraman kəndində inşa etdirdiyi məsçidi yenidən bərpa edərək əhalinin istifadəsinə verib. Məlumata görə, məsçid keçmiş sovet dönəmində anbar kimi istifadə edildiyindən bərbad vəziyyətə düşmüşdü. Qədim tarixi abidə kimi qorunan bu məsçidin əsaslı təmirindən sonra hazırda orada eyni vaxtda 300 nəfər ibadət edə bilir. Deputat Elxan Süleymanov şər məclisləri üçün 2 ədəd çadır dəsti alaraq 7 kəndin əhalisinin istifadəsinə verib. Rayon sakinləri Elxan Süleymanovun tez-tez həyata keçirdiyi böyük xeyriyyəçilik işlərindən çox razı qaldıqlarını, əlillərə, kimsəsizlərə, imkansız ailələrə, tənha qocalara, şəhid ailələrinə, tələbələrə və istedadlı şagirdlərə daim yardım göstərdiyini, onların qayğı və problemləri ilə maraqlandığını bildiriblər.
İftar mərasimlərində növbəti Ramazan bayramının Qarabağ torpaqlarında keçirilməsi arzulanıb. Mərasimlərdə müqəddəs "Qurani-Kərim"dən ayələr oxunub. Xeyriyyəçi Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə Ramazan bayramınadək Göyçay şəhərindəki Mərkəzi Məsciddə, bir neçə kənddə, eləcə də Şamaxı rayonunun bir sıra yaşayış məntəqələrində iftar süfrələri açılacaq, şəhid ailələrinə və imkansızlara ərzaq bağlamaları paylanılacaq, bayram günü kimsəsizlər, xəstə insanlar ziyarət olunacaq.
Qeyd edək ki, deputatın təşəbbüsü ilə iyulun 10-da bir neçə kəndin əhalisi üçün Qaraman məsçidində iftar süfrəsi təşkil edilmişdi.
Şahnəzər Bəşirov