Sumqayıt şəhəri 65 yaşını qeyd edir. Bir tərəfdə hərbçilərin keçidi, bir tərəfdə cəngi sədaları altında idmançıların yarışı, digər tərəfdə isə sumqayıtlıların alqışı...
Hər ilin bu günü Sumqayıtda Şəhər günü kimi qeyd edilir. APA TV-nin çəkiliş qrupu bu gün Sumqayıtda oldu.
Corat qəssəbəsində 2 min ildən çox yaşı olan qədim qalada başlayan şənlik Bayraq meydanında davam etdirildi. Yaylım atəşindən sonra meydana qladiatorlar daxil oldu.
“Şahin” respublika hərbi-idman oyununun qalibi olmuş şəhər məktəblilərinin, eyni zamanda şəhərin orta məktəb və məktəbəqədər tərbiyə müəssisələri yetirmələrinin meydandan keçidləri tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılandı.
Şəhər sakinləri çıxışları maraqla izləyirdilər.
Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, “Azərenerji” ASC–nin prezidenti Etibar Pirverdiyev, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər Sumqayıtın keçdiyi inkişaf yolundan danışdılar.
Baş nazirin müavini Əli Həsənov 46 ildir, Sumqayıtda yaşadığını, yaşayış yerini dəyişmək istəmədiyini dedi.
Hərbçilərin, motosikletçilərin, retro maşınların keçidi, idmançıların, rayondan gələn kollektivlərin çıxışları, müxtəlif nağıl personajlarının yer aldığı nəhəng Gəminin nümayişi, Şuşa qalasının üzərində Şuşanın görkəmli şəxsiyyətlərinin əksi, Rusiyadan gələn "Balabançı qızlar"ın nümunəvi çıxışları, helekoterlərin möhtəşəm avia-şousu tamaşaçıların marağına səbəb oldu.