Gənclər və İdman Nazirliyində Azərbaycan Milli Mətbuatının yaranmasının 138-ci ildönümü qeyd olunub. Lent.az-ın məlumatına görə, mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, gənclər və idman sahəsində uğurlar ilbəil artmaqdadır. Bu uğurların cəmiyyətə çatdırılmasında mətbuat əvəzsiz rol oynayır. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə KİV-lərin sayında ciddi artım baş verib, ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. O qeyd edib ki, artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Nazir müavini gənclərin dövlətin aparıcı təbəqəsindən birinə çevrildiyini vurğulayıb.
Digər nazir müavini İntiqam Babayev isə öz çıxışında qeyd edib ki, ölkədə dövlət gənclər siyasəti və idman sahəsində bir çox işlər görülür. O qeyd edib ki, gənclər sahəsində hədsiz sayda işlər görülür, jurnalistlərin sayəsində onların yetərincə cəmiyyətə çatdırılmasına nail olunur. O, Gənclər və İdman Nazirliyinin hər zaman mətbuatla əməkdaşlığa önəm verdiyini vurğulayıb.
Daha sonra isə hər iki müavin nazirliklə əməkdaşlıq edən bir sıra mətbuat nümayəndələrini mükafatlandırıb.
Lent.az da dövlət gənclər siyasətinin və idmanın işıqlandırılmasında fəal roluna görə fəxri fərmana layiq görülüb.