Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə Gənclər və İdman Nazirliyi ilə Heydər Əliyev Mərkəzi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının icrasına başlayır.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.
Proqramda iştirak etmək istəyən gənclər ərizə formasını (əlavə №1) doldurub 20 may tarixədək [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməlidirlər.
Ərizə tam şəkildə doldurulduqda baxılması üçün namizədlər siyahısına daxil edilir.
İddiaçıların seçimi qeyd olunan meyarlar üzrə müəyyən ediləcək:
- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatlı olmalı;
- yaşı 18-25 arasında olmalı;
- Azərbaycan vətəndaşı olmalı;
- təşkilatçılıq bacarığına malik olmalı;
- geniş dünya görüşünə malik olmalı;
- ünsiyyət və əlaqə qurmaq bacarığına malik olmalı;
- komanda ilə iş bacarığına malik olmalı;
- ictimai fəal olmalı;
- yerli və beynəlxalq gənclər tədbirlərində təmsil olunmalı.
Namizədlər siyahısına daxil edilən hər bir gənc müsahibəyə dəvət ediləcək. Müsahibənin nəticəsi olaraq iştirakçıların siyahısı müəyyənləşdiriləcək və bu barədə hər bir iştirakçının elektron poçtuna rəsmi məlumat göndəriləcək.