Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 2013-cü ildəki fəaliyyəti ilə bağlı yekun konfrans keçirib.
APA-nın verdiyi məlumata görə, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, hazırda Gənclər Fondunun saytında 290 gənclər təşkilatı və 2483 fərdi gənc qeydiyyatdan keçib.
F. Hacıyev bildirib ki, ümumilikdə I qrant müsabiqəsi çərçivəsində 176 layihə müraciətlərindən 129, II qrant müsabiqəsi zamanı 387 layihədən 170 layihə, III qrant müsabiqəsinə daxil olmuş 421 layihədən 331 layihə və yalnız fərdi şəxslər üçün elan olunmuş IV qrant müsabiqəsi çərçivəsində 668 fərdi müraciətdən 391 layihə dəstəklənib. Beləliklə, 4 müsabiqənin nəticəsi olaraq ümumi müraciətlərin sayı 1641, maliyyə dəstəyi alan layihələrin sayı isə 1021 olub. Bu da ümumi müraciətlərin 62 faizini təşkil edir. Gənclər Fondunun dəstək verdiyi layihələrin 65 faizi regionlarda həyata keçirilib.
Fondun maliyyələşdirdiyi layihələrdə əməkhaqqı alan işçilərin sayı 1374 nəfər, layihələr çərçivəsində hazırlanmış internet resursların sayı 48 olub. Gənclər Fondunun dəstəyi ilə 581 min 933 ədəd təbliğat vəsaiti çap olunaraq paylanıb.
F. Hacıyev bildirib ki, 2014-cü ildə gənclər təşkilatları və onların həyata keçirdiyi layihələrin hər biri haqqında internetdə yeni məlumat bazaları yaradılacaq: “Həyata keçirdiyimiz işlər nəticəsində 2014-cü ildə Gənclər Fondunun fəaliyyəti tam olaraq internetdə izlənə biləcək”.
Gənclər Fondunun icraçı direktoru sentyabrda Avropada fəaliyyət göstərən gənclər fondlarının görüşünün keçirilməsinin nəzərdə tutulduğunu da bildirib. Onun sözlərinə görə, bu görüş Gənclər Fondunun belə qurumlarla əməkdaşlığının genişləndirilməsinə və təcrübə mübadiləsinə böyük dəstək olacaq.