Gənclərin siyasi həyata hazırlanması, onların siyasi idarəetmədə bir kadr kimi yetişdirilməsi suverenliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsində, dövlətçilik ənənələrinin qorunmasında mühüm amillərdən biridir. Cəmiyyətin inkişafı fasiləsiz qanunauyğun bir proses olduğu kimi, siyasi həyatın qanunları, idarə olunması da daim dəyişən, təkmilləşən bir faktordur.
Cəmiyyət inkişaf etdikcə gənclərin siyasi fəallığında yeni imkanlar yaranır, təcrübəsi zənginləşir, dövlət orqanlarında, siyasi partiyalarda, ictimai-siyasi təşkilatlarda daha fəal iştirak edir, gələcəyin peşəkar siyasətçisi kimi formalaşır.
Konkret siyasi şəraitdə siyasi fəallıq cəmiyyət həyatında azad və müstəqil varlıq kimi fəaliyyət göstərməsi uğrunda mübarizəsi, cəmiyyətin siyasi sferada idarə edilməsində fəal iştirakı ilə yaranır. Cəmiyyətdə baş verən sosial-siyasi dəyişikliklər siyasi fəallığa təsir edir. Dövlətdə hakim olan rejim, iqtisadi, siyasi sistemin vəziyyəti, gənclərin dünyagörüşü və s. bu dəyişikliklərə aid edilə bilər.
İdarəçilikdə iştirak edəcək olan gənc siyasi kadrlar dövlətin, millətin təməlini təşkil edirlər. Gənc siyasi kadrların professionallığının , səriştəliliyinin yüksək olması ölkənin nəinki bu günü, həmçinin gələcəyi üçün də çox vacib amildir. Eyni zamanda nəzərə almaq lazımdır ki, idarəçilik işinin səmərəliliyini yüksək olmasına nail olmaq məqsədilə bu gün ölkəmizdə aparılan işlər qarşımızda təkcə kadr hazırlanması kimi yox, həm də siyasi bir vəzifə kimi durur. Bu baxımdan təbiidir ki, idarəçi kadrların nəzəri və praktiki hazırlığı məsələlərinə olan tələb də artır.
Müasir dövr daha çox dinamik inkişaf, dəyişikliklərlə səciyyələnir. Bu baxımdan dövlət strukturlarında çalışan kadrlar zəruridir ki, dəyişilən şəraitdən baş çıxarmağı , konkret vəziyyətə uyğun fəaliyyət həyata keçirməyi,vəzifələrini müəyyən etməyi, müstəqil qərarlar qəbul edərək reallaşdırmağı bacarsınlar. Odur ki, bu vəzifələrə uyğun kadrların hazırlanması işi, onların səriştəliliyi, profesionallığının artırılması işi də daim təkmilləşməli, kadrların elmi-nəzəri səviyyəsi yüksəldilməli və praktiki iş təcrübələri artırılmalıdır.
Hal-hazırda cəmiyətin demokratik prinsiplər əsasında idarə olunması üçün müasir təfəkkürlü kadrlar tələb olunur. Bu gün müxtəlif sahələr üzrə yeni üslubda işləməyi bacaran kadrlara ehtiyac vardır.
İdarəçiliyin müasir formalarını aşkar etmək ,müasir texnologiyalar ruhunda idarəçilərin yeni nəslini yetişdirmək üçün zəruri şərait yaratmağa ehtiyac vardır . Bu məqsədlə dünya ölkələrinin təcrübəsini öyrənmək və milli dəyərlər əsasında bu təcrübəni ümumiləşdirmək siyasi kadrları yetişdirmək üçün qarşıya qoyulan əsas vəzifələr sırasındadır.
Sonda qeyd etmək istərdim ki, iyirmi iki illik bir müstəqillik tariximiz var və bu tariximiz çox uğurludur. İyirmi iki illik qısa bir müddətdə biz həqiqətən müstəqil, suveren, hüquqi ölkə kimi özümüzü dünyaya təqdim etdik. Ancaq tarix qarşısında bu iyirmi iki il bir andır. Ölkənin məqsədyönlü inkişafı, onun müqəddəratı, gələcək taleyi məhz gənc nəslin dövlətin idarəçiliyi prosesində iştirakından, dövlət quruculuğu fəaliyyətindən asılı olacaqdır.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar"
İctimai Birliyinin fəalı