Füzuli rayonunun Əhmədalılar kəndi yaxınlığında yerləşən Arğalı türbəsi bərbad vəziyyətdədir. Lent.az-ın məlumatına görə, abidə demək olar ki, yararsız hala düşüb. Məlumata görə, tariximizi özündə yaşadan abidənin üzərində kömürlə və küt alətlə cızaraq müxtəlif adlar yazıblar, türbənin divarını uçurmağa cəhd ediblər.
Ən təəssüf doğuran məqamlardan biri də ondan ibarətdir ki, tarixi abidə düşmənlə sərhəd bölgədə, ərazisinin böyük hissəsi işğal altında olan rayonda yerləşir.
Qeyd edək ki, memarlıq və konstruksiya baxımından bu türbə rayondakı məşhur Şeyx Babı türbəsi ilə bir oxşarlıq təşkil edir. Arğalı türbəsi XIII əsrə aid edilir. Əhmədalılar türbəsinin də planı səkkizbucaqlı həll olunduğundan, onun həm gövdəsi, həm də günbəzi eyni sayda tillərə malikdir. Buna baxmayaraq, memarlıq və konstruksiya cəhətdən Əhmədalılar türbəsini Babı türbəsindən fərqləndirən bəzi cəhətlər də var. Məsələn, Babı türbəsinin günbəzi birqat olduğu halda, Əhmədalılar türbəsinin günbəzi iki qatlı hörülüb, ara məsafəsi daş və əhəng qarışıqlı məhlulla doldurulub. Bundan başqa, türbənin şimal tərəfində qoyulmuş qapı ilə üzbəüz mehrab əvəzinə, ikinci qapı qoyulub. Hər iki qapının çərçivələri həndəsi naxışlarla bəzədilib.