Yanvarın 11-də AFFA-nın ilk prezidenti Fuad Musayevin 75 yaşı tamam olur. Lent.az-ın məlumatına görə, Musayev yubileyini ABŞ-da qeyd edəcək.
O, əlamətdar günü okeanın o tayında yaşayan oğlu və ailəsinin digər üzvləri ilə birgə keçirəcək.
Fuad Musayev 11 yanvar 1938-ci ildə Bakıda anadan olub. O, indiki Azərbaycan Texniki Universitetini bitirib. Müxtəlif məsul vəzifələrdə çalışmış Musayev Bakı şəhər Partiya Komitəsinin katibi postunadək yüksəlib. Hələ uşaq yaşlarından idmana da maraq göstərib, Azərbaycanın uşaqlardan ibarət voleybol və futbol yığmalarında çıxış edib. 1975 – 1980-ci illərdə Bakı Futbol Federasiyasının sədri kimi çalışıb. SSRİ çempionatında çıxış edən “Neftçi”yə 1983-cü ildə kurator təyin olunub. Azərbaycan futbolunun inkişafındakı xidmətləri qarşılığında 1991-ci ildə SSRİ Futbol Federasiyasının fəxri nişanı ilə təltif olunub. Növbəti il isə o, müstəqil Azərbaycanın ilk futbol qurumu – Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib. 1996-cı ildə İngiltərədə, 2000-ci ildə isə Hollandiya və Belçikada təşkil olunmuş Avropa çempionatlarının Təşkilat Komitəsinin üzvü olub. 2003-cü il dekabrın sonlarında AFFA prezidenti vəzifəsindən istefa verib.
Hazırda işsizdir. 1 oğlu, 1 qızı, 4 nəvəsi var.