Mayın 13-dən 15-dək Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Frensis Qarri Azərbaycanda rəsmi səfərdə olacaq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, F. Qarri bir neçə gün öncə təşkilatın ikinci dəfə baş direktoru seçiləndən sonra ilk səfərini Azərbaycana edir. Səfər çərçivəsində Azərbaycan hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi və Müəllif Hüquqları Agentliyi rəhbərliyi ilə görüşəcək ali qonağın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Müasir iqtisadiyyatda əqli mülkiyyət” mövzusunda məruzə ilə çıxış edəcəyi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) 1995-ci ildə üzv olub. Bu müddət ərzində ölkəmiz ÜƏMT-nin Bern İttifaqı, Budapeşt Sazişi, Haaqa Sazişi, Lokarno Sazişi, Madrid Sazişi (Nişanlar), Madrid Protokolu, Nayrobi Sazişi, Nis Sazişi, Paris Konvensiyası, Patent Əməkdaşlığı Sazişi, Fonoqramlar Konvensiyası, Roma Konvensiyası, Strasburq Sazişi, UPOV Konvensiyası, ÜƏMT Konvensiyası, ÜƏMT Əməkdaşlıq Sazişi, ÜƏMT-nin İfalar və Fonoqramlar Sazişinə qoşulub.