Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurasının (AŞ) Bakı ofisinin yeni rəhbəri Draqana Filipoviç ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ölkəmizin Avropa Şurası ilə səmərəli əməkdaşlığını vurğulayan nazir D. Filipoviçə yeni vəzifədə uğurlar arzulayaraq qarşılıqlı fəaliyyətin daha da genişlənəcəyinə əminliyini bildirib.
Nazir prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu məhkəmə-hüquq islahatları, hakimlərin Avropada ən şəffaf seçimi və tədrisi, həyata keçirilən tədbirlərdə AŞ-nın fəal dəstəyi barədə məlumat verib. Həmçinin, penitensiar sistemin və infrastrukturun müasirləşdirilməsi, nazirlik tərəfindən yeni şəffaf təcrübələrin, o cümlədən səmərəli ictimai nəzarət mexanizminin tətbiqi, fəaliyyətdə ictimaiyyətin yaxından iştirakı barədə məlumat verilib, ölkədə korrupsiyaya qarşı sərt mübarizə aparıldığı bildirilib.
Avropa Şurasının Azərbaycanda təmsil olunmasını regionda ən vacib və əhəmiyyətli hal kimi dəyərləndirən səfir ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. D. Filipoviç AŞ və onun strukturları, o cümlədən Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə Komissiya (CEPEJ), İşgəncələrin qarşısının alınması üzrə Komitə (CPT) və s. ilə Azərbaycan arasında sıx işgüzar əlaqələrin olduğunu bildirib, ölkəmizin AŞ Nazirlər Komitəsində qarşıdan gələn sədrliyi çərçivəsində keçirilən birgə tədbirlərin hər iki tərəf üçün əhəmiyyətini vurğulayıb. Qonaq Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən korrupsiya ilə mübarizə sahəsində uğurlu addımlar atıldığını qeyd edib, AŞ Bakı Ofisinin açıq və konstruktiv əməkdaşlıqda maraqlı olduğunu söyləyərək qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsinə hazır olduğunu bildirib.
Söhbət zamanı Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının əhəmiyyəti qeyd olunaraq onun hazırlanmasında Ədliyyə Nazirliyinin fəal dəstəyi təqdir edilib, Planın AŞ Baş katibinin ölkəmizə səfəri zamanı keçiriləcək birgə təqdimatı ətrafında fikir mübadiləsi aparılıb, bu mühüm sənədin demokratiyanın daha da inkişafına, insan hüquqlarının etibarlı təminatına xidmət edəcəyi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.