2013-cü ilin ilk 5 ayında Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən suda boğulma ilə üzləşmiş 141 nəfər xilas edilib.
APA-nın məlumatına görə, bu barədə Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) rəis müavini Bəxtiyar Həsənov bildirib.
B. Həsənovun sözlərinə görə, bu ilin 5 ayı ərzində 11 nəfər suda boğularaq dünyasını dəyişib ki, bunların da hamısı qeyri-çimərlik ərazilərində baş verib.
Rəis müavini xidmətin mövcud 42 məntəqəsinin və 6 mövsümi postunun ölkə ərazisindəki çimərlik sahələrinə tam nəzarət etməyə imkan verdiyini bildirib: “Mən vətəndaşlara qeyri-çimərlik ərazilərində çimməməyi, sərxoş halda dənizə girməməyi tövsiyə edirəm. Onu da qeyd edim ki, bizim xidmət tərəfindən qeyri-çimərlik sahələrindən istifadə edənlərin, çimərlikləri zibilləyənlərin, sərxoş halda su hövzələrində çimənlərin cərimə olunmaları ilə bağlı təkliflər hazırlanıb. Hesab edirik ki, cərimələrin tətbiqi müsbət təsirini göstərəcək”.