Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar keçmiş Bakı Yod Zavodunun Ramana istehsalat sahəsinin Fövqəladə Hallar Nazirliyi tərəfindən təmizlənmiş ərazisində istirahət parkının açılışı olub.
APA-nın məlumatına görə, tədbirə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nazirliyin rəhbərliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələri qatılıblar.
Nazir K. Heydərova məlumat verilib ki, ərazidə həyata keçirilmiş tədbirlər nəticəsində buradan təbii radionuklid tərkibli kömür tullantıları, radionuklid tərkibli mazut, borular və məişət tullantıları 110000 kubmetr çıxarılıb. Onların əvəzinə 50000 kubmetr münbit torpaq gətirilib. Sahəsi 6.5 hektar təşkil edən parkda vətəndaşların istirahəti üçün hər cür şərait yaradılıb. Parkın ərazisində idman sahəsi və uşaqların istirahəti üçün xüsusi yerlər inşa edilib.
Nazir K. Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, ərazidə təmizləmə işləri və parkın salınması prezident İlham Əliyevin tapşırığı əsasında həyata keçirilib: «Ərazi təmizləndikdən sonra orada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələri tərəfindən yoxlamalar aparılıb. Təmizləmə işləri xüsusi təhlükəsizlik qaydaları altında həyata keçirilib. Yoxlamalar zamanı beynəlxalq mütəxəssislər ərazidə radiasiyanın olmadığı rəyini verdilər».
Nazir Ramana ilə yanaşı Suraxanı və Neftçala istehsalat sahələrində də təmizləmə işlərinin aparıldığını qeyd edib. Yaxın vaxtlarda Neftçalada işlərin başa çatacağını bildirən K. Heydərov həm Suraxanı, həm də Neftçalada təmizlənmiş ərazilərdə yaşıllıq sahələrinin salınacağını vurğulayıb.
Qeyd edək ki, Bakı Yod Zavodunun Ramana istehsalat sahəsinin radionuklid tərkibli tullantılardan təmizlənməsi layihəsi «Ecoland» MMC tərəfindən FHN-nin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət agentliyinin nəzarəti və rəhbərliyi altında həyata keçirilib.