FHN Kür çayında dibdərinləşdirmə işləri aparır
12 yanvar 2013 15:00 (UTC +04:00)

FHN Kür çayında dibdərinləşdirmə işləri aparır

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Kür çayında dibdərinləşdirmə işləri davam etdirilir.

 

 

APA-nın «Fövqəladə Hallar» qəzetinə istinadən verdiyi məlumata görə, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin tərkibində yaradılmış Dib Dərinləşdirmə İşləri İdarəsi tərəfindən Kür çayının dibinin dərinləşdirilməsi və onun ötürücülük qabiliyyətinin artırılması üçün ilkin olaraq Neftçala, Salyan və Sabirabad rayonları ərazisində daha təhlükəli hesab edilən və hər birinin uzunluğu 10 km olmaqla təmizlənməsi vacib olan yerlər müəyyənləşdirilib.

 

Dibdərinləşdirmə zamanı məcradan kənarlaşdırılan lil-su qarışığının toplanmasına xidmət edən durulducuların tikintisi üçün yerlər seçilib. Təmizlənməsi nəzərdə tutulan ərazilərdə aparılan batimetriya tədqiqatları nəticəsində çıxarılacaq çöküntülərin miqdarı hesablanıb. Hesablamalar nəticəsində Neftçala rayonu ərazisində dərinləşdiriləcək məcradan 683 000 kub/m, Salyan rayonu ərazisindən 793 min kub/m, Sabirabad rayonu ərazisindən isə 355 min kub/m, cəmi 30 km ərazidən 1.8 mln. kub/m çöküntünün çıxarılması planlaşdırılır. Artıq ötən ilin sentyabr ayından Salyan şəhəri ərazisində və çayın deltasında, noyabr ayından isə Neftçala rayonunun Kürkənd kəndi ərazisində dibdərinləşdirmə işlərinə başlanıb.

 

Nazirliyin Su Ehtiyatları Dövlət Agentliyi tərəfindən isə gursululuq dövründə daşqınların qarşısının alınması üçün Mingəçevir su anbarının iş rejimi hazırlanıb. Görülən tədbirlər nəticəsində 2011 və 2012-ci illərdə 2010-cu illə müqayisədə təqribən eyni həcmdə su qəbul edilərək ötürülüb. Daşqınların baş verməsinə yol verilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 905
avatar

Oxşar yazılar