Vergilər naziri Fazil Məmmədov tərəfindən Göyçay şəhərindəki 9 saylı Ərazi Vergilər İdarəsində Göyçay, Ağdaş, Ucar və Kürdəmir rayonlarından olan vətəndaşlar üçün qəbul keçirilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 40-dan çox vətəndaş vergilər nazirinə müraciət edib.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.