Fasiləsiz su ilə təchiz olunanların sayı açıqlandı
24 sentyabr 2013 15:45 (UTC +04:00)

Fasiləsiz su ilə təchiz olunanların sayı açıqlandı

“Son 10 ildə 4280 km uzunluğunda içməli su xətti çəkilib, 36 suqəbuledici qurğu, 164 su anbarı, 74 su nasos stansiyası tikilib, 175 artezian və subartezian quyuları qazılaraq istismara verilib. Lent.az-ın məlumatına görə, bunu  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirib.
Q. Hüseynovun sözlərinə görə, hesabat dövründə tullantı sularının axıdılması sahəsində də mühüm işlər görülüb. “2003-2013-cü illərdə 1490 km uzunluğunda kanalizasiya xətləri çəkilib, 3 çirkab sutəmizləyici qurğu tikilib, daha 3 qurğu təmir edilib, 20 kanalizasiya nasos stansiyası inşa edilib. Bütün bunlar kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşmasına səbəb olub. Ümumilikdə 2003-2013-cü illərdə su təchizatı və kanalizasiya sektoruna müxtəlif mənbələr hesabına 2,8 milyard manatdan çox vəsait ayrılıb. Bunun 1,8 milyardı dövlət büdcəsinin, 779 milyon manatı Dövlət Neft Fondunun, 196 milyon manatı isə xarici maliyyə qurumlarının payına düşür”. 

 

“Azərsu” sədri onu da vurğulayıb ki, 10 il əvvəl Bakı şəhərində 1 milyon 560 min sakin mərkəzləşmiş qaydada içməli su ilə təmin olunurdusa, indi bu rəqəm 2 milyon 366 min nəfər təşkil edir: “Bu özünü istehlak olunan suyun həcmində də göstərir. Belə ki, əgər 2003-cü ildə Bakı şəhəri və Abşeron yarımadasına müxtəlif mənbələrdən 564 milyon kubmetr su verilmişdirsə, 2012-cü ildə bu göstərici 23 faiz artaraq 696 milyon kubmetrə yüksəlib. 2011-2013-cü illər ərzində Bakı şəhəri və onun qəsəbələrində həyata keçirilmiş layihələr nəticəsində daimi içməli su alanların sayı 600 min nəfər artıb. Ən son məlumatlara görə Bakı şəhəri və onun qəsəbələrində 1 mln 485 min insan sutkada 24 saat fasiləsiz su ilə təchiz olunur”-deyə, o, əlavə edib. 

# 1064

Oxşar yazılar