“Balamı istəyirəm! Məsuliyyətsiz uşaqlardan uşağımı istəyirəm! Gül balamı geri istəyirəm! Külü çıxan balamı istəyirəm! Ağappaq balamın qara bədənini sağaltsınlar versinlər! Çıxartsınlar torpağın altdan versinlər özümə! Mənim balamın nə günahı varıydı? Üç yetim qoyub gedənin nə günahı varıydı? Qaytara bilirlərsə, üç yetimin atasını qaytarsınlar! Mənim balamı qaytarsınlar! Qaytara bilmirlərsə, mənə bu dünyadan heç nə lazım deyil! Allah mənim də canımı alsın, aparsın balamın yanına! Niyə bizim millət belə məsuliyyətsizdi? Bir saat balam yandı orda. Heç kim yaxına dura bilmədi. Gözümün qabağında balamın külü çıxdı!” Bu fəryadı xilas etməyə cəhd etsə də, çarəsizcə kənardan övladının ölümünü izləyən Sveta ana qoparıb. Gözü önündə 12 yaşlı balası, evinin sonbeşiyi Kənan cərəyan vurmasından can verib, yanıb kül olub.
Hadisə sentyabrın 2-də təqribən günorta saatlarında Xəzər rayonu, Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı “Arzu” düşərgəsində baş verib. Şahidlərin dediyinə görə, həmin ərazidən keçən elektrik dirəklərindən birində naqillərdəki cərəyanın dirəyə keçməsinin qarşısına alan şüşə kasa hadisədən üç gün əvvəldən sınıb. Bu səbəbdən də elektrik dirəyə dayaq üçün qoyulan dəmir dirəyə keçib. Babasıgilə gedən Kənan Fətiyev ordan keçmək istəyəndə elektrik vurub. Bunu görən əmisi oğlanları Kənanın öldüyünü zənn edib tez evə qaçıb atalarına deyiblər. Ayaqyalın hadisə yerinə gələn 33 yaşlı Habil Fətiyev əlindəki bellə Kənanın dirəyə yapışmış bədənini ayırmağa çalışıb. Elə bu zaman onun özünü də cərəyan tutub. Qədərləri ortaq olan əmi-qardaşoğlu bir saata yaxın elə vəziyyətdə yanıblar. Balasına kömək etmək istəyən Sveta xanımı cərəyan vurub kənara atıb. Səsə-küyə gələnlər ananı təkrar balasına yaxınlaşmağa qoymayıblar. Elektrik cərəyanını dirəkdən ayırmaq üçün “Bakıelektrikşəbəkə”yə dəfələrlə zəng olsa da, “102” xidmətinə müraciət olunandan sonra buna nail olunub. Şahidlər bildirirlər ki, Kənan son ana qədər sağıymış. Əmisi ondan daha tez ölüb. Kim bilir bəlkə də onlara kömək daha tez gəlsəydi, Kənanı xilas etmək olardı.
Kənanla Habilin evlərinin arasında əmi-qardaşoğlu üçün ağ gəlinə bənzəyən çadır qurulmuşdu. Kişilər dəfndə olduğundan qadınlar mağardaydı. Mağara keçib eyni vaxtda həm övladını, həm də nəvəsini itirən Məleykə anaya yaxınlaşıb baş sağlığı veririk. İki quda yanaşı oturub Kənanın hələ birinci sinifdə oxuyarkən çəkdirdiyi məktəb “vinetka”sını bağırlarına basıb ağlayırdılar.
- Həmişə çağırırdıq, gəlmirdilər. İndi də gəlmədilər. Üç gündür, qızım, üç gün! Bəs nə yaxşı indi gəlib düzəldə biliblər? Gərək balalarım öləydi, sonra düzəldərdilər? Güc-bəla ilə balalarımı erməninin əlindən gətirib çıxarmışdım bura. Erməni öldürmədi mənim balamı, özümüzünkülər öldürdü. Mənim balalarım şəhid oldu. Gözümüzün qabağında yandılar, tüstüləri göyə dirəndi balalarımın! İyi aləmə yayılmışdı! Yandılar, kül oldular, bala! Ocağımı söndürdü “Bakıelekrikşəbəkə”. Onların səhlənkarlıqlarının güdazına getdi mənim balalarım! Oğlumun üç balası qaldı. Kim baxacaq onlara?.
Kənanın anasının vəziyyəti yaxşı olmadığından mağara getməmişdi, evdə yataqda yatırdı. Həm dünəndən vurulan sakitləşdirici iynələrin təsirindən, həm də dünən aldığı elektrik vurmasından vəziyyəti yaxşı deyildi.
“Kənanım yaşasaydı, bu il dördüncü sinfə gedəcəkdi. Əlaçıydı mənim balam. Gözəl şəkillər çəkirdi. Baxın, balam sentyabra hazırıydı! Qoymadılar balam məktəbə gedə! Yarım qaldı balamın taleyi! Gül balam yandı kül oldu! Tüstüsü göylərə yayıldı!”...
Elə hey bunları deyib qabağına tökdüyü məktəbli forması, çanta və ayaqqabıları bağrına basıb gözündən leysan tökür.
Divanda oturan Habilin həyat yoldaşı Xanım dillənir: “Üç gündü zəng edirik ki, ay balam gəlin düzəldin. Üç gündür gəlib düzəltmirdilər. Bura Bakıdı ey, hələ ucqar dağ deyill! Bakının orta göbəyində iki insan yanıb kül oldu! Bu insanların günahı nəydi? İşıq idarəsində işləyən məsuliyyətsiz insanların hamısına cəza düşür! Otuz üç yaşında cavan yoldaşımı torpağa verdim! Üç körpə balamız qaldı. Kim baxacaq onlara? Balacamızın hələ beş yaşı var. Ölmək ölmək idisə, daha bura niyə gəlirdik? Qalardıq öz evimizdə, erməni öldürərdi! Habil elə-belə ata deyildi ey, övladları üçün canını verərdi. Kənan da onun bir balası. Getdilər, ikisi də kül olub getdilər. Gedin həyətimizə baxın, görün atası nələr düzəldib onlar üçün. O velosipedi iki gün idi təmir eləmişdi ki, uşaqlar növbəylə sürsünlər.”
Habilgilin evi çox kiçik olduğundan yas mərasimi qardaşı evində keçirilirdi. Ordan çıxıb Habilgilə keçdik. 1992-ci ilə ermənilərdən canını qurtarıb Şüvəlana pənah gətirən Habil bu balaca düşərgədə evlənib ailəsinə şərait qurmağa çalışıb. Həyətdə uşaqlar üçün düzəldilmiş turnik, qum meşoqu, ştanqa Habilin necə qayğıkeş ata olduğuna göstərirdi. Evin qapısının ağzında isə habilin təzəcə təmir etdiyi velosiped dururdu. Toyuq hininin üstünə isə içi alətlə dolu köhnə qara portfel vardı. Sən demə Habil xırda elektrik işləriylə çalışarmış. Daim elektriklə “oynayan” Habilin bu dəfə bəxti gətirməyib. Evdə sadəcə Nihat və Fərid vardı. Hamının başı yas mərasiminə qarışdığından evin son beşiyi atasını öldürən o elektrik dirəyinin üstündən keçib baxçaya getmişdi. Nihatın dediyinə görə, Kənandan öncə cərəyan onu vurub. Əllərinin içi qanıq olan balaca Nihat dirəkdə tok olduğunu dərk edənə qədər artıq gec olub. Kənan isə əmisi oğlu qədər şanslı olmayıb.
Kənanın yaşadığı ev əmisigildən bir az aralıydı. Bir otaqlı evdə yaşayan Kənan divanda yatırmış. Divarda iki qardaşın sünnət toyundan çəkdirdikləri fotodan Kənan bizə gülümsəyir. Otaqda balaca pul daxılı var. Soyuducunun qapısından Kənanın əl işi asılıb: “20 yanvar”. Rəsmdən tanklardan və vertolyotlardan düşmən insanlara atəş açır. Kənarda güllər ağlayır. Evlərin pəncərələrindən alov çıxır.
Otağa göz gəzdiririk. Görəsən Kənanın ən sevimli oyuncağı hansı olub? Gözümə oyuncaq dəymir.
-Deyəsən, Kənan oyuncaqları sevməzmiş?!
- Uşaq ola, oyuncağı sevməyə? Kasıb uşaqların oyuncağı olmaz! Onlar oyuncaqlarını özləri düzəldər. Avtomat oynadardı.
Habilin qaynanası hadisəni belə xatırlayır: “Dəfələrlə “Bakıelktrikşəbəkə”yə zəng elədik. Ordan bizə deyirdilər ki, ora haradı, biz tanımırıq. Ay bala, belə şey olar? Necə yəni tanımırıq? Bu düşərgəni tanımamaq olar? Kimə desən ”Arzu” “lager”i, hamı tanıyır. Kürəkənim olmasaydı, Kənandan sadəcə kül qalacaqdı. Yazıq Habil onu bellə güclə cərəyandan ayırdı, amma…”.
Biz hazırlaşıb hadisə yerinə gedəndə kişilər qəbiristanlıqdan qayıtdılar. Kənanın atası Abbas hər kəsdən uzaqlaşıb sakit bir yerdə əyləşdi. Üzündən çarəsizlik yağırdı. Eyni gündə qardaşını və evinin sonbeşiyini torpağa verib gəlmişdi. Kimsəylə danışmayan Abbas sadəcə böyük oğlu Rəvanı soruşdu: “Zəng edin Rəvan gəlsin. Birini torpağa verdim, heç olmazsa, biri yanımda olsun!”
Qardaşının ölümünə dözə bilməyən Rəvanı o mühitdən uzaqlaşsın deyə qonşuya göndərmişdilər.
Abbasa heç nə demədik. Daha doğrusu belə vəziyyətdə nə deyiləcəyini bilmədik. Xəbəri eşidən bilənlər bir yandan axışıb gəlirdilər. Hər yeni gələnlə ailənin dərdi yenidən qanayır, yenidən o faciəni təkrar-təkrar yaşayırdı.
Yas yerindən uzaqlaşıb Habilin bibisiylə hadisə yerinə yollanırıq. İç-içə tikilmiş evlərin arasında keçib gedirik. Bibi deyir ki, hadisəylə bağlı hara lazımdırsa, şikayət edəcəklər.
-Üç gündü o “tok” sınmışdı. Qızım, iki- üç dəfə zəng vurub deyilib. Vaxtında gəlib düzəltmədilər. Gərək qardaşımın qoşa balasımı ölərdi? Ölmədilər, qəzəm, yandılar kül oldular! Ermənidən betər etdilər! Yandırdılar, bala! Mənim qardaşım qarışqanı öldürməzdi. Amma bu işıq idarəsi onun iki balasına qıydılar! Qaçqınıq, evimiz yox, eşiyimiz yox. Mənim qardaşım çöllərdə qalıb, min zülüm əziyyətlə böyüdüb balalarını. Nəyə görə vaxtında gəlib düzəltmədilər? İndi bir gecənin içində gəlib düzəldiblər. Gərək bu hadisə olaydı düzəldərdilər? Bu qan yerdə qalmayacaq! Hara lazımdırsa, şikayət edəcəyik, amma qoymarıq qardaşımın iki balasının qanı yerdə qala! Habilin üç balası yetim qaldı. İndi kim baxacaq üç yetimə? Habilin yetimləri nə yeyib içəcək? Alah bunu götürməz. Onların səhlənkarlığı iki ailənin ocağını söndürdü!
Evlərin arasından keçib boş sahəyə gəlib çatdıq. Elektrik cərəyanı keçirən dirək düşərgəni iki yerə bölən hasarın tam dibindəydi. Düşərgə sakinləri o tay bu taya gediş gəlişi asanlaşdırmaq üçün divarı dağıdaraq özlərinə qisa yol açıblar. Həmin dirəyə baxmaq üçün divarı atladım. Doğrudan da həmin sınıq kasa yenisiylə əvəz olunmuşdu. Hətta yeni kasa formasına görə digərlərindən fərqlənirdi. Hazırda dirəkdə elektrik cərəyanı olmasa da, Kənanın yanmış bədəninn yağı həmin dirəyin üzərində qalırdı. Divarın yanında isə ölümündən az əvvəl Kənanın oynatdığı oyuncaq avtomatı vardı...