Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirir. TQDK-dan Lent.az-a verilən xəbərə görə, qəbul imtahanı mərkəzləşmiş qaydada respublikanın 14 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Tovuz, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda keçirilir.
İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11.00-da başlayacaq.
İmtahanlarda iştirak etmək üçün 14923 abituriyent ərizə təqdim edib.
Onlardan 5 min 459 nəfərini oğlanlar, 9 min 464 nəfərini qızlar təşkil edir. 14 min 380 abituriyent Azərbaycan bölməsi, 543 abituriyent isə rus bölməsi üzrə imtahan verir.
Ərizə verənlərin 15 nəfəri artıq orta ixtisas təhsil müəssisələrinin məzunları olmuş şəxslər, 14 nəfəri isə ali təhsilli şəxslərdir. 50 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyentin 49, ən gənc abituriyentin isə 15 yaşı var.
İmtahan 1 saat 30 dəqiqə ərzində aparılır və abituriyentlərə Ana dili və riyaziyyat fənlərinin hər birindən 30 sual (ümumilikdə 60 sual) təqdim olunub.
Abituriyentin balları hesablandıqda hər düzgün cavab 1 balla qiymətləndirilir. Ümumi bal hər bir fənn üzrə toplanılan balların cəmi əsasında müəyyənləşir və toplanıla bilən maksimal bal 60-a bərabər olur.
İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək.
İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılacaq.
Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş cari il məzunlarının bu təhsil pilləsinə (kolleclərə) müsabiqəsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Belə ki, həmin kateqoriyadan olan abituriyentlər kolleclərə qəbul olmaq üçün buraxılış imtahanından əlavə imtahan verməyəcəklər. Əlavə məlumatları “Abituriyent” jurnalının 3-cü sayından və TQDK-nın internet saytından öyrənmək olar.