Əmlak Məsələləri Dövlət Komitəsinin artıq 16 növ elektron xidməti var. Bu barədə Lent. az-a Komitədən məlumat verilib. Bura daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, məhdudiyyət (yüklülük) arayışının alınması, ipotekanın və lizinqin qeydiyyatı və başqa xidmətlər daxildir. Komitə tərəfindən 16 elektron xidməti əhatə edən portal istifadəyə verilib, elektron xidmətlər “Elektron hökumət” portalına inteqrasiya edilib. Artıq bu xidmətlər sayəsində vətəndaşlar idarəyə getmədən, heç bir əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün birbaşa internet vasitəsi ilə elektron müraciət edə bilirlər. Ümumilikdə, qısa müddətdə elektron xidmətlər vasitəsilə 7000-ə yaxın müraciət daxil olub. Həmin müraciətlər təmin edilib.
Yaxın günlərdə təqdim ediləcək növbəti yeni layihə daşınmaz əmlakların özgəninkiləşdirilməsi zamanı tələb olunan daşınmaz əmlaka dair məhdudiyyət (yüklülük) barədə arayışların (əhali arasında bu Forma 1 arayışı adı ilə adlandırılır) real vaxt rejimində notariuslara verilməsi olacaq.
Qeyd olunan məsələlərin komitə və Ədliyyə Nazirliyi arasında qarşılıqlı fəaliyyətlə tənzimlənməsi nəzərdə tutulub. Bu mexanizm yaxın günlərdə işə düşəcək və vətəndaşlarımızın istifadəsinə veriləcək.