Dəniz qırağındayıq. İndi deyəcəksiz çimərlik mövsümü bitib, orda nə edirsiz?
Dedilər festival var, biz də bir baş gəldik bura. Deməli, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakıda, Şıxov çimərliyindəki “Dostluq” istirahət mərkəzində “Qum Heykəltəraşlığı və Qraffiti üzrə açıq Festival”ı keçirilir. Üç gün nəzərdə tutulan festivalın ikinci günü yollandıq ora.
Layihənin rəhbəri İsmayıl İsmayılovdan aldığımız məlumata görə, festivalda 30 gənc iştirak edir. Festivalın yekununda hər iki nominasiya üzrə qaliblər müəyyən edilərək mükafatlandırılacaq. Qaliblərə hədiyyə və diplomlar, bütün iştirakçılara isə sertifikatlar təqdim ediləcək. Layihənin məqsədi gənc istedadlı rəssamların və heykəltəraşların üzə çıxarılmasına və tanıdılmasına, həmçinin onların peşəkar heykəltəraş və rəssamlarla əlaqələrinin yaradılmasına yardım etməkdi.
***
Biz ora çatanda qraffitlər qarşılarındakı böyük lövhələrdə nəsə çəkirdilər. Rəssamlıq Akademiyasının müxtəlif kurs tələbələri sərbəst mövzuda qrafikalar işləyirdi. Biri özünü çəkib, yanında olmayan sevgilisini qara kölgə kimi verib, digəri roka sevgisini hiss etdirən qrafika işləyib.
Qraffitilərin yanında ötüb keçirik qumlu sahilə. Bir qız dəvəsi ölmüş ərəb kimi heykəlin qarşısında oturub kədərlə baxır. Sən demə, işin qaynar yerində heykəli dağılıb. Dostları başına yığılıb təsəlli verirlər. Elə biz də təsəlli verməyə çalışdıq. Aleksandra Süleymanovadı. Deyir, alınana qədər cəhd edəcək. Biz də uğurlar arzulayıb keçirik onun qonşusu, Rəssamlıq Akademiyasının birinci kurs tələbəsi Asif Cabbarovun işinə.
Asif bizə qumdan heykəlin necə hazırlandığını izah edir. Heykəli hazırlamaq üçün quma birinci su qatılır, sonra yapışdırıcı. Su qumu bərkidir, yapışqan isə onun daha uzun sürə dağılmadan qalmağına kömək edir. Amma o deyir ki, qum özü yaş olduğu üçün susuz da, yapışqansız da qumdan yaxşı heykəl düzəltmək olar. Əsas odur ki, heykəltəraşın əlləri bacarıqlı olsun. Amma bunun üçün heykəltəraşa üç gün yox, azı dörd gün lazımdı. Vaxt az olduğundan onlar məcburən quma su qatırlar.
Asif bizə hazırda əlində hazırladığı işi barəsində danışır: “Əl, əlin içində dünya, onun da içində siqaret və kül. Bu o deməkdir ki, nə qədər insan dünyaya ağalıq eləsə də, siqaretə ağalıq edə bilmir. Akademiyada siqaret çəkmək üçün kül qabı hazırlamaq istədim. Əlimin içində qaba baxanda ağlıma ideya gəldi”.
Festivalın ən böyük heykəli akademiyanın dördüncü kurs tələbəsi Əli Çeraqinindi. Əli əslən Güney Azərbaycanın Zəncan şəhərindəndi. O, böyük ürəyin içində fil ailəsinin heykəlini hazırlamaqla insanlara fillər qədər mehriban, məhəbbətli olmaq mesajını verir.
Festivalın digər iştirakçılarından fərqli olaraq bu Əlinin festivalda ilk çıxışı deyil.
- Mənim öz şəhərimdə hər il buz festivalları təşkil edirik. Mən buz festivalında da iştirak etmişəm. Artıq dörd ildir Bakıdayam. Buranın da qışı soyuq keçir. Baxıram burda da buz festivalı keçirmək mümkündür.
Festivalda qardaş ölkənin tələbələri də iştirak edir. Edanaz Yaylıtaşlı Rəssamlıq Akademiyasına Türkiyədən altı aylıq kursa gəlib. Əsasən gillə işləyən Edanaz ilk dəfə qumdan yatan köpək heykəli düzəldir. Ankarada dəniz olmadığı üçün Edanaz Bakıda yaşayan tələbələri daha şanslı bilir.
Festivalın yadda qalan ən yaxşı heykəli Hamid Lütfillahpurundu. Onun işinin adı “Mədəniyyət Birliyi”di. O, əsərində bir dəftər təsvir edib. Dəftərin bir üzündə böyük şair Məmməd Hüseyn Şəhriyarın, digər üzündə isə ustad qəzəlxan Əliağa Vahidin üz cizgilərini yaradıb. Sağ əl isə bu kitabı birləşdirən bir mədəniyyətin olduğunu ifadə edir. “Niyə sağ əl?” sualına cavabında Hamid deyir ki, insan etiraz edəndə sağ əlini qaldırar, sağ əl yumruqdu.
Elə bu vaxt Əlinin fillərindən biri aşır. Festival müddəti az olduğu üçün heykəltəraşlar qumu tam islatmadan hazırlayır. Və nəticədə belə hallar olur.
Əli yenidən başlayır işləməyə. Və əvvəlkindən də həvəsli...