Əlilliyi olan şəxslər üçün fərdi dəstək planları hazırlanacaq
02 may 2014 14:08 (UTC +04:00)

Əlilliyi olan şəxslər üçün fərdi dəstək planları hazırlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aİ-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində icra olunacaq “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yeni Tvinninq layihəsinin təqdimatı olub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən lent.az-a verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Fransanın Azərbaycandakı səfiri  Paskal Mönye, Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger, beynəlxalq ekspertlər və başqaları iştirak ediblər.

 

S. Müslümov bildirib ki, hələ dövlət müstəqilliyinin ilk illərindən etibarən Azərbaycanda Aİ-nin TACİS layihələri icra olunmağa başlayıb. Həmin layihələr respublikada sosial müdafiə sisteminin təkmilləşdirilməsi, dövlət qurumlarına texniki yardım göstərilməsi və digər sahələrdə öz töhfələrini verib.

 

S.Müslümov onu da bildirib ki, 2014-2016-cı illəri əhatə edən bu layihə çərçivəsində ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya sənədi və Master Plan, əlilliyi olan şəxslər üçün fərdi dəstək planları və proqramları, onların tətbiqi  üçün mexanizmlər hazırlanacaq. Əlillərin sosial müdafiəsi, tibbi-sosial ekspertiza və əlillərin bərpası sahələrində çalışan işçi heyətin peşəkar bilik və bacarıqları artırılacaq:  “Eyni zamanda, tibbi-sosial reabilitasiya sisteminin monitorinqi, qiymətləndirilməsi və hesabatlılıq sisteminə yenidən baxılaraq Avropa standartlarına uyğunlaşdırılması üçün təkliflər hazırlanacaq. Layihə bu işlərdə Aİ üzvləri olan Fransa və Almaniyanın müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq zəminində icra olunacaq. Əlilliyi olan şəxslərlə bağlı hazırlanan yeni qanunvericilik layihələrində artıq bu ölkələrdən olan ekspertlər də iştirak edirlər”.

 

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Azərbaycanla Aİ arasında daim inkişaf edən əməkdaşlığın inkişafından söz açaraq, yeni Tvinninq layihəsinin də Azərbaycanda aparılan islahatlara dəstək verilməsi məqsədinə yönəldiyini vurğulayıb. M.Mard layihənin icrası zamanı əldə olunacaq uğurlu təcrübənin qarşıdakı dövrdə yeni sahələr üzrə əməkdaşlıq üçün yaxşı zəmin olacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar