Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbədə dayanmış daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə “Naz-Lifan” markalı minik avtomobilləri verilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Beləliklə, son bir ayda cari ilin əvvəlinədək növbədə olan 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 400 nəfəri avtomobillə təmin olunub, qalan şəxslər isə bu ayın sonuna qədər avtomobillə təmin olunacaq. Ümumilikdə isə indiyədək Azərbaycanda 4206 nəfər əlilliliyi olan şəxsə dövlət tərəfindən minik avtomobili verilib.
Avtomobillərin verilməsi zamanı qeyd olunub ki, iki gün öncə, aprelin 30-da möhtərəm dövlət başçımız tərəfindən imzalanan sərəncamlar sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına göstərilən Prezident qayğısının daim artmaqda olduğunu təsdiq edir.