Əlil və şəhid ailələrinin təmsilçiləri piket keçirir
27 dekabr 2013 11:12 (UTC +04:00)

Əlil və şəhid ailələrinin təmsilçiləri piket keçirir

Şəhid ailələrinin üzvləri və Qarabağ əlilləri bu dəqiqələrdə Prezident Administrasiyasının (PA) binası qarşısında aksiya keçirir. Lent.az-ın virtualaz.org-a istinadən verdiyi məlumata görə, etiraz aksiyasının keçirilməsinə səbəb Konstitusiya Məhkəməsində “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun bəzi müddəalarının şərh olunması üçün bu il oktyabrın 25-də növbəti, xüsusi konstitusiya icraatı qaydasında keçirilən iclasın qərarının hələ də elan olunmamasıdır. Şikayətçilər iki aydan artıq vaxt keçməsinə baxmayaraq onlara bu barədə heç bir məlumatın verilməməsinə, adıçəkilən qanunun bəzi müddəalarının şərh olunması üçün növbəti xüsusi konstitusiya icraatı qaydasında keçirilən iclasın qərarının elan olunmamasına etiraz edirlər.

 

Xatırladaq ki, iclas hakim Fərhad Abdullayevin sədrliyi ilə Ali Məhkəmənin sorğusu əsasında keçirilib. Üstündən iki ay keçməsinə baxmayaraq onun nəticəsindən hələ də bir xəbər yoxdur. Qarabağ əlilləri və şəhid ailələri dekabrın 5-də də Konstitusiya Məhkəməsinin binasının qarşısında piket keçirmişdilər. Onlara yaxın 10 gün ərzində qərarın təqdim olunacağı sözü verilmişdi.

 

Aksiyada 50-60 nəfər iştirak edir. Onların bir qrupu PA-nın qəbul otağına dəvət olunub. PA əməkdaşları ilə onların arasında söhbət gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1047
avatar

Oxşar yazılar