Azərbaycanda ana və uşaq ölümləri halları bəzən həkim səhlənkarlığı ucbatından baş verir. Bu fikirləri APA TV-də efirə gedən "Sosium" verilişinin qonağı, "Ümidli Gələcək" Gənclər Təşkilatının rəhbəri Nabil Seyidov deyib.
Ana və uşaq ölümləri ilə bağlı bir sıra araşdırmalar apardıqlarını deyən mütəxəssis bildirib ki, müəyyən problemlər var ki, onlar həll olunmadığı təqdirdə analoji hadisələr təkrarlanacaq: "Əslində hər iki tərəfdə günah var. Bəzən hamilə qadınlar həkim məsləhətxanalarına ya müraciət etmir ya da az müraciət edirlər. Həkimlər isə özləri bildiyi şəkildə müalicə aparır və bu zaman neqativ hadisələr baş verir. Halbuki bu cür müalicə və müayinələr ölkə üzrə müəyyənləşmiş üsulla həyata keçirilməlidir. Hər həkim öz bildiyi kimi etməməlidir".
Rəsmi şəkildə Azərbaycanda son illər ana və uşaq ölümlərinin azaldığı bildirilsə də, 2012 və 2013-cü illərin müqayisəsi vəziyyətin tam əksinə olduğunu göstərir. Nabil Seyidovun sözlərinə görə, 2012-ci ilə Dövlət Statistika Komitəsi Azərbaycanda 26 ana ölümü qeyd alıbsa, Ümumdünya Səhiyyə Təşkilatı 2013-cü ildə Azərbaycanda 43 ana ölümünün baş verdiyini bildirib. Bu isə bir il əvvəl Azərbaycanın açıqladığı statistikadan təxminən iki dəfə çoxdur.
Qadın məsləhətxanalarında həkimlərin peşəkarlığının artırılmasına ehtiyac olduğunu deyən Nabil Seyidov hesab edir ki, son illər səhiyyə sektoruna böyük vəsaitlər ayrılsa da, iş düzgün qurulmayıb: "Azərbaycanda diqqət daha çox stasionar xidmətə yönəlib. İnkişaf etmiş ölkələrdə isə əksinə poliklinika xidmətinə üstünlük verilir. Bu, xəstəliklərin ilkin mərhələdə dəyərləndirilib, müalicə olunması deməkdir. Bu gün bölgələrdə iri stasionar xəstəxanalar tikilir. Fikrimcə, bu böyüklükdə xəstəxanaların tikintisi artıqdır. Bu mərkəzlər məhz bu halların qarşısını almaq üçün yaradılıb. Amma təəssüf ki, son hadisə məhz həmin perinetal mərkəzdə baş verib".
Mütəxəssis hesab edir ki, ana və uşaq ölümünə səbəb olan hallardan biri də Qeysəriyyə əməliyyatlarıdır: "Düzdür, bununla bağlı qanunvericilikdə dəyişiklər olsa da, problem qalmaqdadır. Bu əməliyyatı qadınların istəyi ilə həyata keçirmək yolverilməzdir. Qeysəriyyə təhlükə riskini artırır. Düşünürəm ki, həkimlərin rifahını qaldırsaq effektini hiss edərik. Eyni zamanda xəstəxanalarda korrupsiyanın qarşısını almaq üçün mübarizəni gücləndirməliyik. Analarda inam yaradılmalıdır ki, onlar tez-tez həkimə müraciət etsin və problemlər vaxtında aşkar olunsun".
Ekspert: “Ana-uşaq ölümlərinin artmasında hər iki tərəfin günahı var”
682