Əhmədli qəsəbəsində parkı söküb yerində bina tikiblər. Lent.az arqument.az-a istinadən xəbər verir ki, bu barədə Yeni Əhmədli (Həzi Aslanov metrostansiyasının yanı) Xudu Məmmədov küçəsi 33 nömrəli binanın sakinləri məlumat verib.
Onlar qeyd edib ki, uzun illərdir sakinlərin istirahət, uşaqların əyləncə parkı sökülür.
Tikinti aparılması məqsədilə parkda olan idman qurğularını və yelləncəklər artıq qoparılaraq atılıb. Sakinlər tikintinin dayandırılması üçün məhkəməyə də müraciət ediblər. Müraciətdən sonra parkın yerində aparılan tikinti dayandırılsa da, 2 aydan sonra yenidən işə düşüb.
Sakinlər qeyd edir ki, onları narahat edən təkcə parkın məhv edilməsi deyil. Aparılan tikintinin binaya çox yaxın olması, binanın həyətinin zəbt edilməsi də sakinlərin narahatlığına səbəb olur.
Qeyd edək ki, tikililər arasında ara məsafələr haqqında ölkədə qüvvədə olan qaydalara əsasən, bina və ya qurğunun ara məsafələri kimi müəyyən edilən torpaq sahəsi bütün hallarda nəqliyyat yolunun üstündə olmalı və ya nəqliyyat yoluna (nəqliyyat keçidinə) çıxışa malik olmalıdır. Yəni iki bina arasında maşın yolu olmalıdır ki, nə vaxtsa yanğın olsa, yanğınsöndürən maşın ora girə bilsin.
Sakinlərin sözlərinə görə, bina ilə yeni tikili arasında məsafə çox az qoyulub.