Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş yaşayış binasının açılış mərasimində
Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlətin mətbuata dəstəyini yüksək qiymətləndirilib.
Lent. az-ın verdiyi məlumata görə, Əflatun Amaşov bildirib ki, məhz dövlət başçısının sayəsində bu gün Mətbuat Şurası dünyanın digər ölkələrindəki belə qurumlarla müqayisədə ən gözəl bir binaya malikdir. Mətbuat Şurasının sədri qeyd edib ki, bu gün təqdim ediləcək mənzillər jurnalistlər üçün çox gözəl bir hədiyyədir.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Heydər Əliyevin məmur-mətbuat qarşıdurmasında həmişə jurnalistlərin tərəfindən olduğunu söyləyib: “Mərhum prezident həmişə jurnalistlərlə görüşürdü. 2002-ci ildə bizimlə 3 saatdan çox görüşdü, axşam da bizimlə tədbirə qatıldı. Mən o zamanlar da jurnalistlərin Bakıda ev almasının xəyal olduğunu söylədim. Jurnalistlərin xəyallarını gerçəkləşdirmək sizə nəsib oldu”.
Rəşad Məcid deyib ki, bu gün xalqımızın bir reallaşmayan arzusu qalıb: “Bu da Qarabağla bağlıdır. Bakıda keçirilən son hərbi parad ordumuzun qüdrətini ortaya qoydu. Eyni zamanda erməni xalqına fikirlərinizi çatdırdınız. Siz keçən il ad gününüzü Ağcabədidə keçirdiniz. Bu, cəbhə xəttində yaşayan insanlarımıza xoş mesaj, cəbhə xəttinin o tərəfindəki ermənilərə xəbərdarlıq idi. Siz 1970-ci illərdə valideynlərinizlə Şuşada olub, Cıdır düzünü gəzmisiniz. İnşallah, inanırıq ki, bir gün jurnalistlərin yazılarında bir nisgillə keçən Cıdır düzündə jurnalistlər üçün bir aradıcılıq mərkəzini açacaqsınız. Bəxş etdiyiniz bu xoşbəxt anlara, savab və yaxşılıqlara görə sizə təşəkkür edirəm. Allah Vətənimizi və sizi qorusun ”.