Əflatun Amaşov: “İstəyimizə nail olduq”
02 may 2014 16:30 (UTC +04:00)

Əflatun Amaşov: “İstəyimizə nail olduq”

 “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, onun sədri Məleykə Abbaszadənin ali məktəblərə qəbul məsələsində jurnalistika fakültəsinin üzərində xüsusi dayanmasını cəmiyyətin bu peşəyə diqqətini artırmaq niyyəti kimi qəbul edirik. Demək, Mətbuat Şurası istəyinə nail oldu”.

 

Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin jurnalistika fakültəsinə qəbulla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

 

MŞ sədri deyib ki, onlar dəfələrlə bəyan etdikləri kimi jurnalistika fakültəsində sahəyə marağı olanların təhsil almasının tərəfdarıdırlar: “Bizim üçün əsas olan kəmiyyət deyil, keyfiyyətdir. Digər tərəfdən, əgər indiki dövrdə jurnalistikaya maraq azdırsa, qarşıda nə edəcəyimizi bilməliyik. Əlbəttə, tədrisin səviyyəsini artırmağa da ehtiyac var və Şura mövcud istiqamətdə də müvafiq iş aparmaqdadır”.

 

Ə.Amaşov qeyd edib ki, abituriyentlərin qəbulunda qabiliyyət imtahanı ilk dəfədir keçirilir:  «Özü də proses qısa müddətdə gerçəkləşdi. Zaman azlığından müvafiq məlumatlandırma işlərinin o qədər də effektiv nəticələr verməməsi təbiidir. Ancaq hazırkı göstərici ümumən başlanılmış prosesə xələl gətirilməsi üçün arqument kimi qabardılmamalıdır. Çünki fərqli yanaşmalar olsa da, jurnalistikada qabiliyyət imtahanı mexanizminin tətbiqi bütövlükdə media ictimaiyyətinin arzusu olaraq ortaya çıxıb. Ötən il ölkə prezidenti ilə keçirilmiş görüşdə bu istək irəli sürüldü və dövlət başçısı müvafiq tapşırıqlar verdi. İstərdim ki, mövcud prizmadan yanaşılma əsas götürülsün və hər kəs öz işini məhz bu prinsipə söykənərək görsün. O zaman məlum olacaq ki, hazırda problematik formada ortaya çıxarılan məsələlər əslində texniki mahiyyət daşıyır və hansısa formada tənzimlənməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və ali məktəblərin imkanları daxilindədir».

 

Ali məktəblərin jurnalistika fakültələrinin magistr pilləsinə qəbula gəlincə, Ə.Amaşov bu il mövcud istiqamətdə də yeniliyin tətbiq olunduğunu deyib: «Yenilik bundan ibarət idi ki, əgər əvvəllər ancaq humanitar ixtisas üzrə bakalavr təhsil pilləsini bitirənlər sənəd verə bilirdilərsə, bu il digər ixtisasların da jurnalistika üzrə magistr adı qazanmalarına şərait yaradıldı. Bu, jurnalistikaya marağı nəzərə almaq üçün atılmış addım idi. Əgər abituriyent qəbulunda jurnalistikaya marağın olması əsas götürülürdüsə, magistraturaya qəbulda jurnalistikanın 4 il təhsil almış şəxsin maraq dairəsində ola bilməsi reallığına söykənilib. Nəzərə alınıb ki, hazırda başqa sahələri bitirmiş şəxslər praktik jurnalist kimi fəaliyyət göstərə bilirlər. Müvafiq olaraq qəbul planı da artırılmalı idi. Yenə də deyirəm, bu yeniliyin təbliği üçün vaxt imkanı məhdud olduğundan sənəd verənlərin azlığı mümkündür. Ancaq indidən nəticəyə gəlmək və prosesin özünü doğrultmamasına dair rəy formalaşdırmaq prinsipial baxımdan doğru deyil”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456
avatar

Oxşar yazılar