Şura nazirliklə müqavilə imzaladı
17 sentyabr 2014 12:27 (UTC +04:00)

Şura nazirliklə müqavilə imzaladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı prosesində qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb. Nazir bildirib ki, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda, habelə  “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyətlərinin iştirakı əsas prinsiplərdən biri kimi müəyyən edilir. Nazirliyin fəaliyyət sahələrində QHT-lərlə əməkdaşlığa toxunan S.Müslümov əlilliyi olan şəxslərlə və sosial xidmətlə bağlı qanunvericiliyin təkmilləşdirilməsində vətəndaş cəmiyyətləri ilə əməkdaşlığın rolunu qeyd edib. “ƏƏSMN sosial xidmətlər üzrə 20-dən çox ixtisaslaşmış QHT ilə əməkdaşlıq həyata keçirir və nazirliyin sifarişi əsasında onlar tərəfindən çoxsaylı layihələr icra edilir. Bu layihələr çərçivəsində ölkənin ayrı-ayrı bölgələri üzrə 1500 nəfərdən çox sağlamlıq imkanı məhdud uşağa və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxsə müxtəlif növ sosial xidmətlər, həmçinin reabilitasiya dəstəyi göstərilir”.

Nazir bildirib ki, üç illik müddət üçün imzalanan memorandum ƏƏSMN ilə Şura arasında əhalinin, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsi ilə bağlı proqram və layihələrin hazırlanması,  peşə hazırlığının  əmək bazarının tələblərinə uyğunlaşdırılması sahələrində  gələcək əməkdaşlıq niyyətlərini ifadə edir. “Digər tərəfdən, biz həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərin təkmilləşdirilməsi, sosial sahədə fəaliyyət göstərən QHT-lərin potensialının gücləndirilməsi üçün birgə tədbir, təlim, seminarların təşkilində əməkdaşlıq etmək niyyətindəyik. Yeni iş yerlərinin yaradılmasına yönəldilmiş tədbirlərin, əməyin ödənilməsi və mühafizəsi istiqamətində proqram və layihələrin hazırlanması, “Sosial  xidmət  haqqında” Qanunun müddəalarının tətbiqi, QHT-lər arasında müsabiqələrin təşkili işlərində də Şura ilə əməkdaşlıq nəzərdə tutulur”. S.Müslümov memoranduma əsasən, Nazirlikdə yaradılacaq İctimai Şuranın formalaşmasına və fəaliyyətinə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstək veriləcəyini də qeyd edib.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ƏƏSMN-ndə şəffaflıq əmsalının son vaxtlarda xeyli yüksəlməsindən, həmçinin nazirliyin vətəndaş cəmiyyətləri ilə əməkdaşlıqda fəal mövqe nümayiş etdirməsindən söz açıb. O, bu Memorandumun dövlət qurumları ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında əməkdaşlığa dair imzalanan ilk sənəd olduğunu və bunun qeyd olunan sahədə işlərin daha geniş müstəvidə davam etməsinə imkan yaradacağını diqqətə çatdırıb. A.Quliyev bildirib ki, hər iki qurum birgə əməkdaşlıq planının işlənib hazırlanması yolu ilə vətəndaş cəmiyyəti institutlarının davamlı inkişaf və tamlığına yardım göstərəcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar