"Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası tədbirlərinə dəstək kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) könüllü qanvermə aksiyasına başlanılıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən xəbərə görə, humanitar aksiyaya bu gün ƏƏSMN-nin Mərkəzi Aparatında start verilib. Aksiya növbəti mərhələlərdə nazirliyin regionlardakı yerli strukturlarında davam etdiriləcək.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi ilə keçirilən tədbir Mərkəzi Aparatın kollektivinin yüksək fəallığı şəraitində keçib. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları ilk olaraq donorların sağlamlıq vəziyyətini müəyyən ediblər.
Götürülən qan nümunələrinin laboratoriyada müayinə edildikdən sonra talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə ediləcəyi bildirilib.