Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanının vaxtı məlum olub. Ədliyyə Nazirliyindən Lent. az-a verilən məlumata görə, növbəti müsabiqə üzrə test imtahanı noyabr ayının 16-da keçiriləcək və bununla əlaqədar ədliyyə orqanlarında işləmək arzusunda olan hüquqşünaslar üçün cari ilin avqust ayından başlanmış sənəd qəbulu noyabrın 12-də başa çatacaq.
Namizədlər üçün imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə oktyabr ayından Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil olunub. Test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və "Yaddaş kitabçası" nazirliyin internet səhifəsində (www.justice.gov.az) yerləşdirilib.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni noyabr ayının 14-dən etibarən saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasında götürməlidirlər.