Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Yazıçılar Birliyinin katibi, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcidi 50 illik yubileyi münasibətilə təbrik edib. Lent.az-ın məlumatına görə, təbrik məktubunda deyilir: “Hörmətli Rəşad müəllim! Bu gün Siz yüksək şüur, vətəndaş fəallığı və ləyaqətlə yaşanmış ömrün əllinci pilləsinə qədəm qoyursunuz. Əlli yaş gəncliyin müdriklik zirvəsidir, o ucalığa baxarkən Azərbaycan xalqının istəkli övladı Rəşad Məcidin parlaq şəxsiyyətinin və yaradıcılığının işığını və istisini görməmək, duymamaq mümkün deyil”.
Rəşad Məcidin yeni dövr Azərbaycan jurnalistikasının inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər gördüyünü önə çəkən nazir, «525-ci qəzet»i milli mətbuatımızın tarixində xüsusi mərhələ kimi qiymətləndirir.
Məktubda daha sonra deyilir: “Sizin aydın, cəsarətli və doğru vətəndaş mövqeyiniz cəmiyyətimizin inkişafına ciddi təsir göstərir. Siz ədəbiyyatın, mətbuatın, ictimai düşüncənin yüksəlişi, xüsusilə yaradıcı gənclərin meydana çıxıb püxtələşməsi üçün əlinizdən gələni əsirgəmirsiniz. Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əlaqələrinizi, Azərbaycan Yazıçılar Birliyinin katibi və bir qələm sahibi olaraq keçirilən tədbirlərdə yaxından iştirakınızı yüksək dəyərləndiririk. Ömrünüzün ən qaynar mərhələsinə qədəm qoyduğunuz bir vaxtda inanırıq ki, Siz istedadınızdan, təşkilatçılıq qabiliyyətinizdən və təcrübənizdən istifadə edərək zəngin mədəniyyətimizin təbliğ olunması, müasir qloballaşma dövründə gənc yazarların ideya və mənəvi cəhətdən milli ruhda formalaşması üçün bundan sonra da var qüvvənizi sərf edəcəksiniz”.
Əbülfəs Qarayev Rəşad Məcidi yubileyi münasibətilə təbrik etdi
599