<b>Yol polisindən sürücülərə <span style="color:red;">MÜRACİƏT : bu lampalar təhlükəlidir</b>
18 avqust 2017 13:03 (UTC +04:00)

Yol polisindən sürücülərə MÜRACİƏT: bu lampalar təhlükəlidir

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. 

 

Lent.az-ın məlumatına görə, müraciətdə deyilir ki, son vaxtlar bəzi sürücülər tərəfindən nəqliyyat vasitələrində istehsalçı avtomobil zavodları tərəfindən istehsal olunan minik avtomobillərində nəzərdə tutulmayan əlavə avadanlıqların qurulması və yaxud nəqliyyat vasitələrinin qanunsuz avadanlıqlaşdırılması hallarına yol verilir.

 

Bildirilir ki, əsasən gənc sürücülər arasında avtomobillərdə iri ölçülü şin və disklərdən istifadə etmək, sükan çarxlarını və buferləri dəyişmək, avtomobilin asqı qurğusunda dəyişiklik və əlavələr etməklə banın klirensini (yer səthindən avtomobilin ən aşağı nöqtəsinə qədər olan məsafə) artırmaq, səsboğucuların səsini çoxaltmağa meyillilik müşahidə olunur. Belə hallardan biri də son zamanlar avtomobillərin işıq cihazlarında “Led” tipli işıq lampalarından istifadə olunmasıdır.

 

Nəqliyyat vasitələri və onların hər bir ehtiyat hissəsi müəyyən sınaqlar nəticəsində təsdiq olunmuş beynəlxalq standartlar əsasında istehsal olunur. Avtomobil birmənalı olaraq “təhlükəli özü hərəkət mənbəyi” hesab olunduğu üçün onun üzərində istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər hansı bir dəyişiklik gələcəkdə ağır nəticəli yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaratmış olur.

 

DYP bildirir ki, “Yol hərəkəti haqqında” qanunun 1 saylı Əlavəsinin III hissəsinin 1-ci bəndinin tələbinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Qanundan göründüyü kimi xarici işıq cihazları nəzərdə tutulan tələblərə uyğun deyilsə, onun istismarı qadağan olunmalıdır.

 

Sürücülərin nəzərinə çatdırılır ki,  “Led” tipli işıqdiodlu lampalar avtomobilin hərəkəti zamanı yola düzgün işıq vurmur, xüsusən də uzaq məsafə rejimində daha çox təhlükə yaradır. Belə işıq cihazlarından avtomobilin salonunun içərisinin işıqlandırılması üçün istifadə oluna bilər. DYP əməkdaşları nəqliyyat vasitələrinin texniki tələblərinin pozulması, qanunsuz avadanlıqlaşdırılmasına qarşı mütəmadi mübarizə tədbirləri həyata keçirir.

 

Qeyd edək ki,  ötən il və bu ilin 6 ayı ərzində nəqliyyat vasitələrinin texniki tələblərinin pozulmasına görə 11013, o cümlədən nəqliyyat vasitələrinin qanunsuz avadanlıqlaşdırılmasına görə 4853 sürücü inzibati məsuliyyətə cəlb edilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356
avatar

Oxşar yazılar