Baş Dövlət Yol Polisi İdarəsi qadağan olunmuş pərdə və plyonkalardan istifadə edən sürücülərlə bağlı məsələyə aydınlıq gətirib. İdarənin şöbə rəisi Kamran Əliyev Lent.az-a bildirib ki, avtomobillərin arxa şüşələrindəki pərdə və plyonkalara hər hansı məhdudiyyət mövcud deyil. Yalnız yan şüşələrə vurulmuş qanunsuz vasitələr müəyyən edildiyi yerdəcə söküləcək: “Fikirləşirik ki, sürücülər özləri deyilənlərdən nəticə çıxarmalıdır. Yəni kimsə qanunun əksinə gedəcəksə, o, məsuliyyətdən kənar qalmayacaq. Tədbirlərimiz bundan sonra da davam etdiriləcək. Həm paytaxtda, həm magistral yollarda, həm də rayonlararası yollarda əməkdaşlarımız lazımı tədbirləri görürlər və bunu davam etdirəcəklər. Qanunsuz pərdə-plyonka yapışdırmış sürücülər düşünsünlər ki, onlar ailələri ilə, yaxınları ilə yolda gedərkən polis onları saxlaya, avtomobili cərimə dayanacağına apara bilər. bu isə heç də arzuolunan mənzərə ortaya çıxarmır”.
K.Əliyev onu da bildirib ki, əyləncə xatirinə, özünü kiməsə göstərmək üçün qanunsuz vasitələrdən istifadə edən sürücülər istənilən halda məsuliyyətə cəlb ediləcək: “Bu elə bir məsələdir ki, vizual olaraq, kimin qanunu pozduğunu asanlıqla müəyyən etmək mümkündür. Onu da deyim ki, avtomobillərin arxa şüşələrinə pərdə və plyonkaların çəkilməsinə icazə var. Lakin yan, arxa yan və ön şüşələrə bu və ya digər şəkildə müdaxilə edilməsi yolverilməzdir”.
Qeyd edək ki, fevralın 12-də “Regionların 2009-2012-ci illərdə sosial-iqtisadi inkişaf planı”nın nəticələrinə həsr olunmuş tədbirdə ölkə başçısı İlham Əliyev avtomobillərə plyonka çəkən, avtoxuliqanlıq edən şəxslərə qarşı sərt tədbirlərin həyata keçirilməli olduğunu bildirib.