Ötən il dünyada xərçəng xəstəliyindən 9,6 milyon insan həyatını itirib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb.
Bildirilib ki, xərçəng ürək xəstəliklərindən sonra ölümə yol açan ikinci xəstəlikdir. Xəstəliyin müalicəsində ən vacib məsələ erkən diaqnozun qoyulmasıdır.
Erkən diaqnoz xəstəliyin daha tez müalicə olunmasına kömək edir. ÜST onu da bildirib ki, son altı ildə xərçəng xəstəliyinə tutulma sayı 4 milyon artaraq 18 milyona çatıb.
2030-cu ildə 22 milyon yeni xərçəng hadisəsi ortaya çıxa bilər.
Qeyd olunub ki, dünyada hər il 14 milyon insan bu xəstəliyə tutulur ki, onlardan da 8 milyonundan çoxu həyatını itirir.
Aparılan araşdırmalara görə, kişilərdə daha çox görülən xərçəng xəstəlikləri ağçiyər, prostat, yoğun bağırsaq, sidik kisəsi və mədə xərçəngi, qadınlarda isə döş, tiroid, yoğun bağırsak, uşaqlıq və ağçiyər xərçəngləridir.
Uşaqlarda isə uşaqlıq dövrü qan xərçəngi ən çox görülür. Bu siyahını
lenfoma və mərkəzi sinir sistemi şişləri təqib edir.