Dövlət Sosial Müdafiə Fondu “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Şəkidə “Sosial sığorta haqqının ödənilməsi gələcəyinizin təminatıdır” adlı “Açıq qapı günü”- vətəndaş forumu keçirib. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, Azərbaycanın sığorta-pensiya sisteminin xüsusiyyətlərindən ətraflı bəhs olunan regional tədbirə Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar qatılıb.
Forumda çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, ölkədə əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılıb. Uğurla aparılan sosial-iqtisadi siyasət əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də öz müsbət nəticələrini verib, sosial-iqtisadi tərəqqi davam edib. Bu əsasda respublikamızın müasir standartlara cavab verən, vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən sığorta-pensiya sistemi də inkişafdadır.
“2014-cü ildə fondun gəlirləri 2013-cü ilə nisbətən 223 mln manat və ya 8,3 faiz artaraq 2894,3 mln manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1744,9 mln manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 10,2 faiz və ya 160,8 mln manat çoxdur”.
Tədbirdə vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi yönündə Fondun fəaliyyətinin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Regional “Açıq qapı” günü iştirakçıların mövzu ilə bağlı təkliflərinin müzakirə olunması və onların çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.