Dövlət Sosial Müdafiə Fondu (DSMF) Qəbələdə “Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması” adlı regional təqdimat keçirib. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, “Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması” adlı regional təqdimatda DSMF-nın Qəbələ, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər. Təqdimat mərasimində çıxış edən DSMF-nın şöbə müdiri Famil Qədimov ölkə prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əhəmiyyətindən bəhs edərək bildirib ki, ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və bu, məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir: “Dövlət Sosial Müdafiə Fondu müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir. Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması üç istiqamət üzrə-Fondun rəsmi sspf.gov.az saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytına birbaşa ünvanlanan məktub və 190 nömrəli “Çağrı Mərkəzi” vasitəsi ilə həyata keçirilir. Fondun saytında olan sual-cavab bölməsi əmək pensiyaları, məcburi dövlət sosial sığorta haqları və məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər, hərbi qulluqçulara dair pensiya və müavinət, fərdi uçot və digər mövzuları əhatə etməklə vətəndaşlar tərəfindən ünvanlanmış elektron müraciətləri cavablandırır”.
Tədbirdə bildirilib ki, 2014-cü ilin I rübü ərzində Fondun saytının sual-cavab bölməsinə 424 sual daxil olub və onlar müvafiq qaydada cavablandırılıb. Elektron Müraciət (Məktub yazmaq) bölməsi vasitəsi ilə istənilən vətəndaş sığorta-pensiya sisteminə dair onu maraqlandıran məsələ ilə bağlı elektron məktub göndərə bilər. Bu məktublar Fondun elektron karğüzarlıq sistemində qeydiyyata alınır və müvafiq şöbələr tərəfindən cavablandırıldıqdan sonra vətəndaşa göndərilir. Ümumilikdə 2014-cü ilin I rübü ərzində Fondun elektron ünvanına 591 müraciət daxil olub. İctimaiyyətlə mövcud olan əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya sistemi ilə bağlı istənilən suallarını operativ şəkildə cavablandırmaq məqsədi ilə Dövlət Sosial Müdafiə Fondunda müasir tipli «Call-center» - «Mərkəzləşdirilmiş Çağrı Sistemi» («190»nömrəli telefon məlumat xidməti) yaradılıb. Belə ki, məlumat xidməti tərəfindən telefon vasitəsi ilə məcburi dövlət sosial sığortası, pensiya məsələləri, fərdi uçotun təşkili və elektron xidmətlərə aid sualların və müraciətlərin operativ şəkildə cavablandırılması həyata keçirilir. Sığortaolunanlar, pensiyaçılar, eləcə də hər bir vətəndaş pensiya sistemi ilə bağlı onları maraqlandıran istənilən məsələyə «190»nömrəli telefona müraciət etməklə cavab tapa bilər. Xidmət ödənişsizdir və ayrı-ayrı xidmət rejimləri olmaqla fasiləsiz fəaliyyət göstərir, vətəndaşlar respublikanın hər bir regionundan, habelə mobil telefonlardan «190» telefon məlumat xidmətinə müraciət etməklə sığorta-pensiya sistemi ilə bağlı sual doğuran istənilən məsələyə cavab tapa bilərlər. 2014-cü ilin I rübü ərzində «190» nömrəli telefon məlumat xidmətinə 77482 zəng daxil olub.
Təqdimatla çıxış edən DSMF-nın informasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev Fondun əhaliyə göstərdiyi digər çoxsaylı elektron xidmətlər və onlardan istifadə qaydaları barədə ətraflı məlumat verərək qeyd edib ki, DSMF əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərdən istifadə imkanının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi yönündə işləri bundan sonra da uğurla davam etdirəcək.