2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları
18 aprel 2014 12:27 (UTC +04:00)

2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları

2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni iqtisadi siyasət strategiyası həyata keçirilməyə başladı. Təsadüfi deyil ki, dövlət başçısının prezidentlik fəaliyyətində verdiyi ilk fərmanlar da məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri və regionların sosial-iqtisadi inkişafı haqqında olmuşdur. Düzgün müəyyənləşdirilmiş siyasətin reallaşdırılması nəticəsidir ki,  demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən, Avroatlantik məkana inteqrasiya kursunu davam etdirən, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən müstəqil Azərbaycan bu gün regionun aparıcı dövlətlərindən biridir.

2014-cü ilin 13 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas da yuxarıda deyilən bu fikri bir daha təsdiqlədi.  Prezident İlham Əliyev giriş nitqində 2014-cü ilin birinci rübündə də ölkəmizin dinamik inkişaf etdiyini, iqtisadiyyatın 2,5 faiz artdığını, ümumi daxili məhsulun səviyyəsinin yüksəldiyini, qeyri-neft sektorunun iqtisadiyyatdakı çəkisinin çoxaldığını bildirdi. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər isə daim öz əhəmiyyətini saxlamaqdadır. Respublikamızın xarici dövlət borcu ümumi daxili məhsulun 8 faizini təşkil edir. Təqdirəlayiq haldır ki, ümumi daxili məhsulun artım dinamikasına görə ölkəmiz dünyanın lider dövlətləri sırasında yer tutur. Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də geniş yer ayıran dövlət başçısı Ermənistana təzyiqlərin gücləndirilməsi, destruktiv mövqeyinin dəyişilməsi ilə bağlı müəyyən tədbirlərin görülməsinin zəruriliyini qeyd etdi. Bununla yanaşı ölkədə həyata keçirilən hərbi islahatlara da toxunan Prezident bundan sonra yenə bu sahənin inkişafının diqqət mərkəzində olacağını dolayı yolla təsdiqlədi. Bu ilin birinci rübündə ordumuzun gücləndirilməsi üçün böyük tədbirlər görülmüş, texnika, silah-sursat alınmış, infrastruktur yaradılmışdır.

2014-cü ilin birinci rübü üçün xarici siyasətimiz də  uğurlu şəkildə həyata keçirilmiş, xarici fəaliyyətimiz daha da genişlənmişdir. Azərbaycan etibarlı tərəfdaş, bütün məsələlərlə bağlı müstəqil mövqeyə malik əməkdaşdır. İclas həm 2014-cü ilin ilk rübünün yekunlarının, eyni zamanda cari ayların, ümumilikdə, 2014-cü ilin  planlarının müzakirəsi formatında keçirildi. Sonda isə müəyyən edilmiş bütün vəzifələrin bu ilin sonuna qədər təmin ediləcəyinə dair əminlik ifadə olundu.

 

Nailə Məmmədova

"Azerbaijan Realities"

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531
avatar

Oxşar yazılar