Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təhsil müəssisələrində qidalanma üzrə dövlət standartına əməl etməyən təhsil müəssisələri cəzalandırılacaq.
Lent.az-ın verdiyi məlumata görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov 22 İyul - Milli Mətbuat Günü münasibətilə Dövlət Komitəsinin fəaliyyətinin işıqlandırılmasında fəallıq göstərən bir qrup mətbuat nümayəndəsi ilə görüşündə söyləyib.
Ramiz Həsənov bildirib ki, qidalanma işi məşğul olacaq şirkətlər artıq standartın üzərində işləyirlər: “Biz başa düşürük ki, bunu qəbul etmək çətindir, ancaq biz buna getməli idik. Ümid edirik ki, bu standart sentyabr ayından tədris ili başlayandan tətbiq olunacaq. Biz öz tərəfimizdən məsələyə ciddi şəkildə nəzarət edəcəyik. Hansısa təhsil müəssisəsi bu standarta riayət etməsə, o zaman ciddi tədbir görüləcək”.
Qeyd edək ki, dövlət standartı təhsil müəssisələrində qidanın təhlükəsizliyinə, tərkibinə, qida dəyərliliyinə, həcminə, keyfiyyətinə və qidanın qəbul şəraitinə, o cümlədən təhsil müəssisələri üçün təhlükəsiz və keyfiyyətli qida istehsalını təmin edən texnoloji şəraitə vahid tələbləri müəyyən edir. İyunun 12-də təsdiq edilən standarta əsasən, təhsil müəssisələrində saqqız, cipsi, qazlaşdırılmış içkilər, ümumilikdə 32-dək məhsul qadağan olunub.