Bu gündən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 54 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 445 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə, 9 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 20 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edib.
Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 326-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 99-u isə məhkəmə orqanlarının aparatındadır.
Ümumin müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 19-u mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i birinci instansiya məhkəmə orqanının aparatındadır.
Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı, qanunvericilik informasiya texnologiyaları məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılacaq.
Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
Müsabiqədə iştirak etmək arzusunda olan vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 23 aprel tarixdən 22 may tarixinədək, saat 18:00-dək Komissiyaya təqdim etməlidirlər. Müraciət forması elektron və ya şəxsən və poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.
Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini 23 aprel tarixdən 12 may tarixinədək saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.
Qeyd edək 1 aprel tarixdə 18 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 442 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə üzrə 1276 namizəd (22 aprel tarixə olan məlumat) qeydə alınmışdır. Müsabiqə üzrə qeydiyyat aprelin 30-u saat 18:00-da başa çatacaq.