Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları” qəbul olunub. Bu barədə Lent.az-a qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qaydalar dövlət orqanları tərəfindən həyata keçirilən elektron xidmətlərin keyfiyyətinin (göstərilmə səviyyəsinin) təyin edilməsi məqsədini daşıyır və bu sahədə qabaqcıl təcrübə nəzərə alınmaqla hazırlanıb.
Dövlət Agentliyi pilot layihə çərçivəsində Qaydalara əsasən Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Milli Arxiv İdarəsi tərəfindən göstərilən elektron xidmətlərin qiymətləndirilməsini həyata keçirəcək. Pilot layihə bitdikdən sonra Dövlət Agentliyi qeyd olunan Qaydalara əsasən elektron xidmətlərin qiymətləndirilməsi üzrə davamlı iş aparacaq və bu barədə ictimaiyyətə müntəzəm olaraq məlumat verəcək.
“Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları” prezident tərəfindən “İnformasiya-kommunikasiya ili” elan edilmiş 2013-cü il çərçivəsində müvafiq tədbirlərin tərkib hissəsi kimi həyata keçiriləcək.