Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İranda
15 sentyabr 2013 23:19 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İranda

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov İranda rəsmi səfərdədir.

 

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, E. İskəndərov İranın islami irşad və mədəniyyət naziri Əli Cənnəti ilə görüşüb.

 

Ə. Cənnəti hazırda iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyəyə çatdığını, bütün sahələrdə inkişaf etdiyini bildirib.

 

Nazirin sözlərinə görə, İran və Azərbaycan kütləvi informasiya vasitələri arasında yaxşı əməkdaşlıq qurula bilər: “Medianın ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda mətbuat münasibətlərin pozulmasına da zəmin yarada bilərlər. Hər halda iki ölkənin mediasının xalqlarımız arasında əlaqələrin genişlənməsinə yardım göstərməlidirlər”. Ə. Cənnəti həmçinin hər iki ölkənin ev sahibliyi ilə mədəniyyət həftələrinin keçirilməsini təklif edib.

 

E. İskəndərov isə öz növbəsində İrana səfərini yüksək qiymətləndirərək, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə yaşadığını vurğulayıb: “Azərbaycan İranla siyasi və mədəni əlaqələrin genişlənməsində maraqlıdır”. E. İskəndərov Suriyada baş verən hadisələrə də toxunub: “Biz inanırıq ki, təkfirçilər və radikallar islama zərbə vururlar”. Görüşün sonunda E. İskəndərov İranın islami irşad və mədəniyyət nazirini Azərbaycana rəsmi səfərə dəvət edib.

 

Qeyd edək ki, E. İskəndərovun səfər çərçivəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Məhəmmədbağır Xürrəmşadla görüşü var. Eyni zamanda komitə sədrinin İranın Qum şəhərində dini təhsil alan azərbaycanlı tələbələrlə görüşü də nəzərdə tutulur.

# 607
avatar

Oxşar yazılar