Bu gün milli həmrəylik Azərbaycan dövləti və xalqı üçün kifayət qədər vacib məsələdir. Çünki kimin necə qiymətləndirməsindən asılı olmayaraq, indinin özündə də Azərbaycan dövlətçiliyi üçün təhlükəli amillər mövcuddur. Dünya azərbaycanlıların vahid ideya ətrafında birləşməsi Azərbaycan dövlətçiliyinin qorunmasına, güclü və inkişaf etmiş dövlətimizin uğurlu gələcəyinə zəmin yaradır. Bu işdə diasporanın əhəmiyyətli rolu isə danılmazdır.
2002-ci il dekabr ayının 27-də qəbul edilmiş “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırılması, bu sahədə ciddi nailiyyətlər əldə olunması məqsədilə vahid strategiyanın hazırlanması kimi mühüm məsələlərin həllinə imkan yaradan hüquqi prinsipləri müəyyənləşdirdi. Bu sənəd bir daha təsdiq etdi ki, dünya azərbaycanlılarının milli birliyinin və tərəqqisinin təminatçısı Azərbaycan Respublikasıdır. Bundan başqa, qanunda xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı vahid bir siyasətin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsasları müəyyən edilmişdir.
Sənəddə Azərbaycan diasporu ilə bağlı təsbit olunmuş maddələrin həyata keçirilməsinə, bu sahədə fəaliyyətin səmərəliliyinin artırılmasına, diasporumuzun təşkilatlanmasına, dünya azərbaycanlılarının birliyinin yaranmasına, dövlətimizin bu sahədə apardığı siyasətin təbliğinə nail olmaq üçün konkret vəzifələr müəyyənləşdirilmişdir. Ümummilli liderimiz Heydər Əliyev bu tarixi qərarlara imza atmaqla Azərbaycan diasporunun daha mütəşəkkil şəkildə və dinamik fəaliyyətinə əsas yaratmış oldu. Vacib məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi bu tədbirlərin hər biri xaricdə yaşayan soydaşlarımızın milli maraqlarımızın gerçəkləşdirilməsində yaxından iştirakına yönəlmişdir.
Bu gün Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev də dünya azərbaycanlılarının təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayır və bu sahədə dövlət siyasətini uğurla həyata keçirir. Ötən müddətdə Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrə səfərlərində dünyanın müxtəlif bölgələrində məskunlaşmış həmvətənlərimizlə görüşmüş, diaspor quruculuğu işinin vəziyyəti ilə yaxından maraqlanmış, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün lazımi tədbirlər görmüşdür. 2006-cı ilin martında Bakıda keçirilən dünya azərbaycanlılarının II Qurultayında Prezident İlham Əliyevin çıxışı dünya azərbaycanlıları arasında böyük əks-səda yaratmış, ümummilli həmrəylik yolunda proqram xarakterli bir nitq olmuşdur. “Hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, cəmiyyətinin problemləri ilə yaşamalı, onların həlli üçün mənəvi məsuliyyət hiss etməlidir. Eyni zamanda, Azərbaycan hökuməti də Vətənimizin getdikcə artan maddi və mənəvi potensialından, siyasi nüfuzundan bütün dünya azərbaycanlılarının bəhrələnməsinə şərait yaratmalı, onların milli və vətəndaş hüquqlarının qorunması üçün istifadə etməlidir”. Prezident İlham Əliyevin tərəfndən söylənilən bu fikir diaspor quruculuğuna böyük əhəmiyyət verildiyinin və həmvətənlərimizin təşkilatlanması məsələsinin ən vacib vəzifələrdən biri kimi qiymətləndirildiyinin təsdiqedici göstəricisidir. Bu gün Azərbaycan diasporu artıq bu mərhələni başa vurmaqla lobbiçilik fəaliyətinə keçmişdir. Çoxşaxəli fəaliyyət isə yalnız bir amala istiqmətlənir- Azərbaycan haqqında obyektiv məlumatlar yaymaq, subyektiv təhlillərin və yaranma ehtimallarının aradan qaldırılmasına nail olmaq.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı