Dənizdə batan şəxsə necə yardım etməli? - ÇİMƏRLİKDƏN XÜSUSİ REPORTAJ
10 avqust 2015 16:20 (UTC +04:00)

Dənizdə batan şəxsə necə yardım etməli? - ÇİMƏRLİKDƏN XÜSUSİ REPORTAJ

Dənizə istirahət edənlərin qismətinə təkcə əylənmək düşmür. Sərinləmək üçün dənizi çarə bilən bizlər son zamanlar tez-tez bədbəxt hadisələrin də şahidi oluruq. İllərdir eşitdiyimiz “dənizlə zarafat etmək olmaz” sözünü qulaqardına vuran soydaşlarımızın taleyinin faciə ilə bitməsini təkrarlamaq istəmirik. İçkili vəziyyətdə, küləkli havada dənizə girmək insanlara həyatı bahasına başa gəlir. Dəniz onunla zarafat edənləri qoynuna çəkir və bu təhlükə ilə üzləşən insanlar yalnız bir halda xilas ola bilirlər. Xilasedicilər sayəsində. Bu səbəbdən dənizdə batmaqdan sığortalanmaq üçün ilk növbədə xilasetmə məntəqəsi olan, peşəkar xilasedicilərin çalışdığı çimərliklərə üz tutmaq lazımdır.

 

Boğulma halları bir çox hallarda vətəndaşların məsuliyyətsizliyindən baş verir. Bu gün hava küləklidir. Fövqəladə Hallar Nazirliyinin DÖvlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları vətəndaşlardan dənizə girməməyi xahiş edir. Amma buna məhəl qoymayanlar var, buna görə əraziyə polis çağırılıb.

 

Xilasedicilər olan ərazidə vətəndaşlara dərhal xəbərdarlıq edilir, təhlükədə olan şəxsə yardım edilir. Ancaq nəzərə alsaq ki, sakinlərin bir çoxu qeyri-çimərlik ərazilərindən istifadə edir, bu zaman faciənin miqyasını təsəvvür etmək o qədər də çətin deyil. Qeyri-çimərlik ərazisində batmaq təhlükəsi ilə üzləşən şəxs gördükdə ona ilkin yardım etmək vətəndaşların üzərinə düşür. Suda batan şəxsə ilkin yardım qaydalarını bilmək vacibdir, çünki qaydaları bilməmək təhlükədə olan şəxsi xilas edənin də həyatına son qoya bilər. Çünki batan şəxs hər şeydən tutmağa cəhd etdiyi üçün onu xilas edəni də batıra bilər.

 

Bilgəh xilasetmə məntəqəsinin rəisi Vüqar Abdullayevin sözlərinə görə sudan çıxarılan şəxsə ilk növbədə süni nəfəs vermək lazımdır: “Boğulma ilə üzləşən vətəndaşı xilas edib, sahildən çıxartdıqdan sonra, ona süni nəfəs vermək və ürəyini masaj etmək lazımdır. Bundan sonra vətəndaş təcili tibbi yardımın əməkdaşlarına təhvil verilir”.

 

Ərazidə həm də təcili tibbi yardım briqadaları növbə çəkir. Xilasedicilər boğulan şəxsi dənizdən çıxartdıqdan sonra əsas iş onların üzərinə düşür.

 

Təcili tibbi yardım briqadasının həkimi Rəncurə Bərxudarova dənizdən xilas edilən şəxslərə yardım prosedurunu izah edir: “Səhər saat 9-dan, axşam saat 9-a qədər vətəndaşlara xidmət edirik. Təhlükədə olan şəxsi birinci xilasedicilər dənizdən çıxarırlar. Əvvəlcə ilkin baxış keçiririk, tənəffüs yoxdursa, nəbzi yoxdursa, onlara süni tənəffüs veririk. Əgər vəziyyəti yaxşıdırsa, evə buraxırıq, pisləşirsə, onları xəstəxanaya yola salırıq”.

 

Həkimlər tövsiyə edir ki, sudan çıxarılan şəxsə kortəbii şəkildə yardım etmək həmin şəxsin ölümünə səbəb ola bilər.

 

“15 dəfə ürəyi masaj edirik, iki dəfə ağızdan nəfəs veririk. Süni nəfəs verən aparat yoxdursa, iki dəfə ağızdan nəfəs verməlisiniz”.

 

Bəs batan şəxsi necə xilas etmək lazımdır? Qaydalar belədir - batan şəxsə arxa tərəfdən yaxınlaşmaq, onun qoltuqaltı nahiyəsindən tutaraq üzünü yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək lazımdır. Batan şəxsin sifəti mütləq suyun səthindən yuxarıda olmalıdır. Sudan çıxdıqdan sonra cəld hərəkətlə zərərçəkənin ağız boşluğunu barmağınızla və ya dəsmalla dəniz yosunlarından və digər yad cisimlərdən təmizləyin. Sonra sağ dizinizi yerə qoyaraq, zərərçəkəni üzüaşağı və qarnı budunuza söykənməklə, dizdən bükülmüş sol ayağınızın üzərinə qoyun, əlinizlə onun kürəkləri arasındakı sahəyə güclü şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric edin. Tənəffüs yollarından suyu xaric etdikdən sonra onun əynindəki yaş paltarları çıxarmaq, bədənini spirt və ya quru dəsmalla ovxalamaq, içməyə isti maye vermək, isti bir şeyə bürümək, ayaqlarını bir qədər qaldırmaq lazımdır. 

 

Dəniz kənarında istirahət edən şəxslərdən suda batanlara yardım qaydalarını bilib-bilmədiklərini soruşuruq. Xəqani Qasımov qaydalardan tam xəbərdar olmadığını deyir: “Qaydaları bilməsəm də, çalışaram sudan çölə çıxarım, sonra isə köməyə adam çağıraram”.

 

Faiq Eyvazov isə üzməyi bacarmasa da, şəraitdən asılı olaraq batan şəxsə kömək etməyə hazır olduğunu bildirir: “Mən özüm üzməyi bacarmasam da, maksimum yaxında olarsa, batan şəxsi sahilə çıxararam. Bilirəm ki, onu arxası üstə çevirib masaj etmək və süni nəfəs vermək lazımdır”.

 

İnsanların dənizdə batmasının qarşısını almaq üçün maarifləndirici tədbirlər davam edir. Amma hər şey yenə də vətəndaşlardan asılıdır. Çünki istirahət edərkən insanlar öz təhlükəsizliklərinin qayğısına ilk növbədə özləri qalmalıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 344
avatar

Oxşar yazılar