“Noyabrın 4-dən quş qripi xəstəliyinə görə cari ilin növbəti monitorinqinə start verilib. Artıq bir neçə Milli Parkda monitorinqlər həyata keçirilib”. Bunu Lent.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib.
Onun sözlərinə görə, monitorinqin birinci günü Abşeron Milli Parkında, ikinci günü Şabran rayonu ərazisindəki quşçuluq fabrikində, üçüncü günü Şirvan Milli Parkında müayinələr həyata keçirilib: “Ağcabədidəki Ağgöl Mili Parkında, Lənkərandakı Qızılağac Qoruğunda da monitorinqlər həyata keçiriləcək”.
Mətbuat katibinin sözlərinə görə, köçəri quşların məskunlaşdığı və müəyyən edilmiş bütün ərazilərdən seçmə üsulla quşlar ovlanaraq onlardan nümunələr götürüləcək, eləcə də ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda saxlanılan ev quşlarından götürülən qan və patoloji materiallar müayinə üçün laboratoriyaya təqdim ediləcək: “Bütün nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr noyabrın 15-də ictimaiyyət üçün açıqlanacaq”.
Hazırda quş qripi xəstəliyinə görə respublikamızda vəziyyətin sabit olduğunu bildirən Xidmət sözçüsü onu da vurğulayıb ki, heyvanlar arasında yay aylarında yayılan virus Qurban bayramından sonra səngiməyə başlayıb: “Havaların soyuması da xəstəliyin qarşısının alınmasına öz müsbət təsirini göstərdi ”.